Hakimiyyətin işi oturub Gəncəyə, digər şəhərlərimizə atılan raketləri saymaq olmalı idimi?

AXCP sədri Əli Kərimli

Azərbaycan hökumətinin işi oturub Gəncəyə, digər şəhərlərimizə atılan raketləri saymaq olmalı idimi?

İlham Əliyev Gəncədə çıxışı zamanı deyib: “İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi”.

İlham Əliyevin bu dedikləri əsasən düzdür. Ancaq İlham Əliyev onu deməyib ki, on üçündən beşi (40%) partlamayan raketlər Rusiya istehsalı idi və həmin raketlərin yararsızlığı Ermənistan ordusunun vəziyyətindən də daha çox Rusiya silahlarının vəziyyətini nümayiş etdirir.

İlham Əliyev izahat verməyib ki, onun hakimiyyəti nəyə görə xalqımızın 5 milyard dollardan artıq pulunu hətta Rusiya rəsmilərinin də yararsız adlandırdığı Rusiya silahlarına xərcləyib. Axı Gəncəyə atılmazdan illər öncə də bu silahların çox köhnəldiyini və yararsız olduğunu biz deyirdik, bu yararsız silahlara milyardlarla dollar xərcləməsinə etiraz edirdik.

Ən vacibi isə odur ki, düşmən raketlərindən Gəncəni və digər şəhərlərimizi qorumaq üçün nəyə görə hava hücumundan müdafiə sistemlərimiz olmayıb? Azərbaycan hökumətinin işi oturub Gəncəyə, digər şəhərlərimizə atılan raketləri saymaq olmalı idi? Xalqdan oğurlanıb dünyanın bütün ofşor zonalarında gizlədilmiş 10 milyardlarla dollar bir tərəfə, 50 milyard dollardan artıq rəsmi rezervləri olan bir dövlət nəyə görə şəhərləri, dinc əhalini qorumaq üçün müasir hava hücumundan müdafiə vasitələri almayıb? Birdən Ermənistan Gəncəyə 13 yox, məsələn, 150 -200 raket atardı, raketlər də partlayardı, onda nə edəcəkdik? Dinc əhalinin qırğınını seyr edəcəkdik? Bəs İlham Əliyev deyirdi ki, Ermənistanla müharibəyə o uzun illər hazırlaşmışdı? Savaş başlayanda məlum oldu ki, Gəncənin, Bərdənin, Tərtərin və bütövlükdə Azərbaycan şəhərlərinin hava hücumundan heç bir müdafiəsi təmin edilməyib. Həm də bu səbəbdən savaş zamanı çoxlu sayda dinc əhalimiz şəhid edildi. Bizə silah satmağa hazır olan xeyli sayda dövlət, dövlətimizin həmin silahları almağa pulu ola-ola, şəhərlərimiz, xalqımız savaş zamanı hava hücumundan müdafiəsiz qalmışdı. İlham Əliyev 18 ildə beləmi hazırlaşmışdı savaşa?