Fuad İsmayılov 1 ay həbs edilib

Yanvarın 31-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə ictimai fəal Fuad İsmayılovu 1 ay inzibati həbsə məhkum edib. Məhkəmə F.İsmayılovu İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə təqsirləndirib.

İctimai fəal F.İsmayılov yanvarın 29-da saxlanıb. Onun saxlanılması yanvarın 28-də küçədə asılmış Türkiyə bayrağının endirilməsindən sonraya təsadüf edir. Sosial şəbəkələrdə yayılmış videoda görünür ki, F.İsmayılov hesab edilən bir şəxs küçədə asılmış Türkiyə bayrağını saxlayan ipi kəsir və bayraq yerə düşür.

Hüquq müdafiəçisi Fikrət Cəfərli polis bölməsində İsamyılovla görüşündən sonra deyib ki, o, məlum hərəkəti şüurlu şəkildə etdiyini bildirib. “Fuad bəy Azərbaycan və Türkiyə bayraqları arasında fərq görmədiyini, hər ikisini doğma saydığını bildirdi. Səbəbini də belə göstərdi ki, özü qəsdən cəmiyyətin bir sıra ciddi problemlərə diqqətini çəkmək üçün bu hərəkəti edib. Fuadın sözlərinə görə, Suraxanıda elə bir fahişəxana, gecə barı və qumarxana yoxdur ki, hər iki dövlətin bayrağı asılmasın. Bütün bunlar da uşaqların, qadınların, yaşlı insanların gözü qarşısında baş verir…”, – Cəfərli qeyd edib.

Amma Azərbaycan qanunvericiliyində başqa bir ölkənin bayrağının endirilməsinə görə hüquqi məsuliyyət yoxdur.

F.İsmayılov bundan öncə də inzibati həbsə məhkum edilib. O, 2019-cu ildə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə ittiham olunaraq 2 ay həbs edilmişdi. Onda yaxınları bunu onun həmin il keçirilən parlament seçkilərində baş verən saxtakarlıqlara etirazi ilə izah etmişdilər.

O, 2020-ci il fevralın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında divara seçki qanunvericiliyinin pozulmasına etiraz olaraq şüar da yazmışdı.

Rəsmi Bakı, bir qayda olaraq, ölkədə insanların ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir. Üstəlik, MSK və başqa rəsmi qurumlar hesab edirlər ki, ölkədə seçkilər azad, ədalətli keçirilir.

Azadlıq radiosu