Nərgiz Paşayeva və ailəsinin biznes şəbəkələri


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ildən-ilə artan nüfuzu həm onun ailə üzvləri, həm də qohumlarının biznes şəbəkələrinin, iş imkanlarının və nəzarətə aldıqları sahələrin sayından da təsirsiz ötüşməyib. Təbii ki, bu imkanlardan daha çox onun birinci dərəcəli qohumları, xüsusilə də bacısı – professor Nərgiz Paşayeva ilə qızları Aida və Ülviyyə Mahmudovalar yararlanıblar. Bəlkə də çoxları bilmir ki, hələ Heydər Əliyevin sağlığında – 1991-1994-cü illərdə – İlham Əliyevin vəzifələrə gətirilməsindən öncə Mehriban Əliyeva qızları və bacısı qızları ilə İstanbul şəhərində birlikdə bir evdə yaşayıb. Məhz elə bu səbəbdən dolayı o, Aida və Ülviyyə Mahmudovaları öz qızlarından ayırmır, onların hər işlərində öz dəstəyini əsirgəmir. Bəs birinci xanımın yeganə bacısı və qızlarının ölkə daxilində və xaricində daha hansı biznesləri mövcuddur?

Professor üçün xüsusi teatr


Nərgiz Paşayevanın adı Azərbaycan mətbuatında 2006-cı ildə yaradılan “ÜNS” teatrının açılışından sonra hallanmağa başladı. Ona qədər Bakı Dövlət Universitetində çalışan xanım Paşayeva sadəcə pedaqoq kimi tanınırdı…


Şəhərin mərkəzi hissəsində – Neftçilər prospektində yerləşən “ÜNS yaradıcılıq səhnəsi” Nərgiz Paşayevanın istəyi əsasında yaradılıb, məqsədlərindən biri Azərbaycanda teatr sənətinə töhfə vermək olsa da, daha çox Nərgiz Paşayevanın özəl teatrı kimi ixtisaslaşıb. Səhnəyə qoyulan hər bir tamaşanı professor özü seçir, təsdiqləyir, hətta buranı daha çox ailəvi teatr nümayişləri, “Paşayevlər”in sevimli sənət adamları ilə görüş yeri də adlandırmaq olar. Məsələn, “ÜNS”də Aida İmanquliyevanın xatirə gecələri, Nərgiz Paşayevanın sevimli kitablarının qiraət gecələri, sevimli əcnəbi aktyor və rejissorlar ilə görüşləri qeyd etmək olar. Bu kimi tədbirlər isə başda birinci xanım Mehriban Əliyeva olmaqla, “Paşayevlər” klanı üçün bir araya toplanmaq üçün özəl günlərdən biridir. Onu da qeyd edək ki, “ÜNS” – media ilə əlaqələri olmayan, teatrda keçirilən tədbirlə bağlı heç bir məlumat verməyən ən qapalı teatr sayılır. Hər hansı tamaşanın “ÜNS” səhnəsində oynanılması üçün isə xüsusi ödəniş tələb edilir.

Nərgiz Paşayevadan söz düşmüşkən, onun vəzifədə olan yaxın rəfiqələrindən də söz açmamaq olmaz. O, uzun illərdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə dostluq edir. Məhz bu dostluq sayəsində hər iki məmur “Paşayevlər”in olduğu özəl gecələrə dəvət edilir. Lakin bu o demək deyil ki, bu “səmimi” münasibət Hicran Hüseynova ilə Məleykə Abbaszadənin “qara qaşlarına, qara gözlərinə görə” olur. Hər iki xanım bu “dostluğun” qarşılığında Nərgiz Paşayevanın bir sıra maddi istəklərini həll etməkdə mükəlləfdirlər.


İçərişəhərdə konseptual restoran


Bundan əvvəlki yazılarımızda Nərgiz Paşayeva ilə qızlarının İçərişəhərdə antik əşya mağazalarına sahib olduqlarını qeyd etmişdik. Xanım Paşayevanın köhnə şəhər ərazisində həm də “Mayak 13” adlı konseptual restoranı fəaliyyət göstərir. Məkanın dizaynı professorun həyat yoldaşı, rəssam Altay Sadıqzadəyə məxsusdur, menyusunda isə daha çox Nərgiz Paşayevanın gündəlik rasionuna xas yeməklər yer alır. Məsələn, burada hazırlanan yeməklərdə duz və şəkər tozu istifadə edilmir, şirniyyatlar isə ümumiyyətlə təqdim edilmir. Axı həm xanım Paşayeva, həm də bacısı Mehriban Əliyeva bir neçə ildir ki, bu kimi qida məhsullarından imtina ediblər…

Mahmudova bacılarının biznesləri


Bakının Yeni Bulvar ərazisindəki bir çox obyekt Nərgiz Paşayevanın böyük qızı Aida Mahmudova himayəsindədir. Onlardan ən nəzərəçarpanı rəssamın istəyi əsasında restavrasiya və təmir edilən YARAT mərkəzidir. Belə ki, 60-cı illərdə dənizçilik binası kimi fəaliyyət göstərmiş obyekt bərpa edilərək yerində ikimərtəbəli, 2000 m2-lik dəbdəbəli sərgi məkanı yaradılıb. Ərazidə həm rəsm qalereyası, həm tədbirlər üçün məkanlar, həm də kafelər mövcuddur. Yeri gəlmişkən, Aida Mahmudovanın sifarişi ilə YARAT adına tikilən daha bir obyekt Nəsimi rayonu ərazisində, Akademik Həsən Əliyev küç. 1061 ünvanındadır. 4 mərtəbəli binada Aida Mahmudova və rəssam dostlarının emalatxanaları yerləşir.

Aida Mahmudovanın Yeni Bulvar ərazisində obyektləri sırasında “Port Wine & Grill” restoranı, eləcə də daha çox gənclərin əyləncəsi üçün nəzərdə tutulmuş “Barrel Playground” məkanlarını sadalamaq olar. (Bundan əvvəlki yazılarda qeyd etdiyimiz kimi, Yeni Bulvardakı “Chayki” və “L’avenue” (hazırda “Günaydın” adıyla fəaliyyət göstərir) restoranları da Aida Mahmudovaya məxsusdur.)

Nərgiz Paşayevanın kiçik qızı Ülviyyə Mahmudova isə həm Bakının əsas ticarət mərkəzlərindəki, həm də Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisindəki restoranların əsas hissəsini idarə edir. Belə ki, “150 Bar & Grill” məkanından başqa, hava limanının VIP zonasında tikilmiş “Ay Qonşu” restoranı (restoranın əsas filialı İzmir küçəsi, 5 ünvanındə yerləşir) və “Espressamente illy” kafesi (digər filialı Səməd Vurğun küçəsi, 34 ünvanındadır) də xanım Mahmudovaya məxsusdur.

İranlı kürəkən üçün Londonda və Bakıda şirkətlər


Nərgiz Paşayevanın böyük qızı Aida Mahmudovanın həyat yoldaşı, iranlı Soheil Dadfarın hansı işlə məşğul olduğu və ailənin hansı bizneslərini idarə etdiyi barəsində mətbuatda demək olar ki, heç vaxt məlumatlar işıqlandırılmayıb. Hər zaman tədbirlərdə Aida Mahmudovanın yanında kölgədə qalan Dadfarın əsas iş yeri London şəhərindədir. Əsasən müstəqil maliyyə konsultantı kimi ixtisaslaşmış Dadfar indiyə qədər Dubayda və Londonda bu sahə üzrə bir neçə özəl şirkət qurub. Hazırda isə o, bu sahə üzrə böyük nüfuza malik Danimarkanın “Atrium Partners” şirkətinin filialını Londonda açaraq, ona rəhbərlik edir. Maraqlıdır, iranlı bir iş adamı İngiltərədə və BƏƏ-də şirkətləri hansı güclər hesabına yaradır? Maliyyə konsultantı olaraq o, kimlərin işləri üçün öz tövsiyələrini əsirgəmir?
Nərgiz Paşayevanı Böyük Britaniya ilə bağlayan çoxsaylı tellər var. Belə ki, hər iki qızı bu ölkədə ali təhsil alıb, yaşayıb, o özü isə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri və Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəridir. Ötən il Britaniya mətbuatında yer alan bir xəbərdə isə məlum oldu ki, professorun iranlı kürəkəni Soheil Dadfarın Kraliça II Yelizavetanın oğlu şahzadə Endryu ilə yaxın dostluq münasibətləri var. Hətta şahzadənin 60 illik yubileyi münasibətilə təşkil edilmiş ziyafət üçün Nərgiz Paşayevanın kürəkəni ona qara Azərbaycan kürüsü və melxior qabda (təqribən 24 şüşə şəraba bərabərdir) şərab hədiyyə edib. Bu hədiyyə o qədər dəyərli olub ki, kraliçanın oğlu ziyafətin menyusunda belə Soheil Dadfara təşəkkürünü bildirib.

Bundan başqa, Soheil Dadfar Azərbaycanda da bizneslər idarə edir. Onlardan biri şəhərin tanınmış gül mağazaları şəbəkəsi olan “Lilac”dır. Burada Hollandiyadan, İtaliyadan və digər Avropa ölkələrindən gətirilmiş güllər satılır, qiymətlər isə digər mağazalarla nisbətdə xeyli yüksəkdir.


Ardı var…

Vüsal