Qaliblər də mühakimə olunur yaxud, çəhrayı eynəksiz həyat mənzərələri

Natiq Ədilov

Qalib Ariflə facebookda təzəmacal dostlaşmışıq. Ancaq, desəm, onu lap çoxdan soraqlayırdım, yalan olmaz. Bu ciddi bir axtarış deyildi, köhnə dost intizarı heç deyildi. Bəs bu adam kimdi, nəçidir, niyə Natiq Adilov onu həm arzulayıb, həm də ciddi axtarmayıb. Bikarsınızsa, bəri durun, bir az uzun, düşünməli və əlbəttə kədərli bir mövzu var.

Qədim zamanlarda, lap dəqiq desək, keçən əsrin son dekadasında da Azərbaycanda söz-mətbuat azadlığı, normal iqtidar-müxalifət mükaliməsi yox idi. Lakin, indiki çiçəklənən, innovasiya texnologiyası uğurla tətbiq edilən, hər gün siması gözəlləşən paytaxtımızdan boylananda adam keçmiş əyyamdakı demokratiya elementlərinin lap xiffətini çəkir. Bax, o zamanlar hökumət qəzetində (“Xalq qəzeti”) Qalib Arif imzasına marağım oyanmışdı. Əlbəttə, o da ümumi kursun davamçılarından idi, çaşıb eləməyin, Ezop dilində belə müxalifətə rəğbət doğuracaq şeylər yazmırdı. Müxalifəti tənqid edirdi. Gənc cəbhəçi Natiqin mütaliyə dairəsinə məzkur imza “Naxçıvan”, “Səs” və s qəzetlərdəki tozanaq qaldıran, heyvərəlik, açıq tərbiyəsizlik edən müəlliflərin cızma-qarasından intellekt və nəzakətliliyi ilə seçiliyi üçün düşmüşdü. Adi misal, məsələn, Qalib Arif Əbülfəz Elçibəy və digər müxalifət liderlərini tənqid edərkən şəxsi aşağılamalara getməz, daha çox onların işlətdiyi fikirlərlə polemikaya girərdi. Onun arqumentləri daha sağlam idi, deyildi, bu başqa mövzudur.

Paradoksal görünsə də, onun məqalələri kəskin, amansız olması ilə deyil, qanacaq və sanballı ilə məni narahat edirdi. Fikirləşin, bir var hansısa nəşr səni söyür, təhqir edir, ağzına gələni deyir. Qanacaq-qabiliyyət, müəyyən zəka sahibinin belə hədyanlara reaksiyası nə ola bilər ki? Uzaqbaşı dərin bir köks ötürüb, sən də beynini işə salmadan üç mərtəbə söyüşü yollayırsan qarşı tərəfə və bununla məsələ bitir. Ancaq opponentin səni elmi, məntiqi, rasional formada təhlilə cəlb edibsə, burda onun kimi sənin də idraka ehtiyacın yaranır, yumruğu stola çırpmaqla, yaxud “sən özün dediyindənsən” kimi bəsit yol çarə deyil.

Bir daha təkrar edirəm, Qabil Arif Hegel, Kantsayağı mətnlər yazmırdı, yaxud onun tənqid etdiyi müxalifətçilərin hamısı qabiliyyətsiz, günahkar, savadsız insanlar deyildi. Sadəcə, gənc Natiq öz bilik və təcrübəsi sayəsində onun imzasını yuxarıdakı sadaladığım “jurnalistləri xoru”ndan kənar kimi görür və izləyirdi.

“Suyun daha təmiz, südün daha şirin olduğu” həmin günlərdə biz Qalib Ariflə ADP-nin qərargahında qarşılaşdıq. Həyatda ilk və son dəfə. Əslində bu bizim qarşılaşma da deyildi, o həmin zamanın parlaq müxalif mühərrir İbrahim Məmmədli ilə koridorda ayaqüstü debat edirdi. ADP-nin yekə zalı vardı, müxalif SİDSUH təşkilatı orda hansısa iclasını keçirirdi və adını sadaladığım, sadalamadığım jurnalistlər də buna görə ora toplaşmışdı. O zaman yenicə “Avrasiya” qəzetində cümlə qurmağa başlayan gənc jurnalist, müxalifətçi Natiq üçün əks-qütblərin toqquşmasını canlı izləmək ələdüşməz fürsət, əyani vəsait idi. Ürəyimdə deyirdim, yaxşı keçdin ələ, indi, İbrahim bəyimiz səni dəmir arqumentləri ilə yaxşısa əzişdirər, oxuduğum o məqalələrini hayıfını alar səndən. Onların müzakirəsinin təfsilatını unutmuşam. Mənə görə onsuz da debatlı-debatsız İbrahim Məmmədli qalib (bu aztv-də Almaniyanı dağıdan İbrahimdir. O zaman “Azadlıq” qəzetində köşə yazıb Əliyev xanimanın dağıdırdı), Qalib isə məğlub idi. Bəsit səbəb: Qalibin yeri, ayağını dayadığı zəmin, durduğu səngər səhv, ədalətsiz, yalan idi. İndi məqam yetişdi, Qalibi niyə soraqladığımı, ancaq bu işi başdansovdu gördüyüm üçün heç cürə tapa bilməməyimin sirrini açım.

Əliyev sistemi öz balalarını yeyəndə, bununla paralel olaraq, bir zamanlar “Yeni Müsavat”, “Bakı-Xəbər” kimi qəzetlərdə “ulu öndər”in ürəyini partladan məqalələr yazan, xəstəxanada həyata reaksiya vermək qabiliyyətini itirə ata Əliyevin taqətsiz vücuduna iti neştərlərini çalan jurnalistləri dövlət pula tutanda Qalib və onun kimiləri həmişə düşünürdüm. Bir dəfə Ganimat Zayidovun verilişində bu barədə Qalib Arifin adını çəkərək bu mövzunu gen-bol danışıb, sual da vermişdim. Demişdim, görəsən, indi Qalib Arif onunla itqidar-müxalifət mövzusunda polemika aparan İbrahim Məmmədlinin cah-cəlal içində Aztvdən dövlətçilik, “ulu öndərin layiqli davamçısının uğurlu siyasəti”ni tərənnüm edəndə hansı hissləri keçirir, o özü hardadır indi?”
İndi onu tapmışam, “Xatirə dəftəri”ni bağlayıb bu günə gələk. Lakin, icazənizlə yüngül abzasla sizə xitab edim.

Belə anlaşılmasın ki, hazırkı iqtidar mediasında Qalib Arif kimi sanballı imzaların olmasına heyfslənirəm. İstər bizdə, istər başqa yerdə zalım, mürtəce rejimin mərhəmətli, yaxşı kimi qəbul edilən kadrları, qulluqçuları “Tanatos mehmanxanası”nın adminstratorları kimidilər. Onlar insanı ölümdən xilas etmir, sadəcə səliqəli, ağrısız, xəbərin olmadan o dünyaya yollayır. Bu baxımdan, mürtəce sistemin ictimai rəy formalaşdıran şəxsləri nə qədər səfeh, qanmaz, nadan olsa reallığı, sistemin mahiyyəti dərk etməyimiz üçün çox faydalıdır. Qalib Arif kimi adamların oralardan dənlənməsi də bu mənada ümumxalq işi kimi müsbət qiymətləndirilməlidir. Nə zamansa ölkədə normal, ədalətə söykənən iqtidar olar, bax onda iqtidar cinahında sanballı qələm adamlarını, kadrları arzulamaq olar. Bura qədərki sözlərimi mövzumuzun vacib və kədərli hissəsinin müqəddiməsi, saya bilərsiniz, onsuz yarımçıq alınardı.

Səbri gen oxucular üçün Qalib Arifin ötən günkü statusunun linki bura qoyuram, oxuyarsınız (https://www.facebook.com/qalib.arif.1/posts/660550125131338)
İri mətnləri oxumaqla arası olmayanlar üçün qısa icmal verim. Heç demə, Qalib müəllim mən onu axtaranda da mediada imiş, polis üçün qəzet çıxarırmış, xudmani işi, dost-tanış sarıdan korluq çəkməyən ömür sürürmüş. Lakin, günlərin bir günü bədbəxtlik onun qapısını da döyür. Oğlu evinin yanında qəza törədir, indi 5 ildir zindandadır. Qalib müəllimin bu hadisədən sonra çəhrayi eynəyi yaşya dolmuş gözlərindən düşür, bir anda görmüş ki, ey dadi-bidad hüquq sistemində ciddi problem var, inşasında kalan mürəkkəb axıtdığı hakim siyasi kurs da tərənnüm etdiyi kimi deyilmiş. Olsaydı, oğlunun cinayətinə görə o ata kimi niyə cəzalanmalı idi ki (oğlunun avtoqəzasına görə onu işdən çıxarıblar, deyəsən, o gündən bəri iş də tapa bilmir)?! Qalib müəllim bir ata kimi taleyin ona təqdim etdiyi bədbəxtliyi həzm-rabedən keçirəndə çəhrayı eynəksiz qalan qəmli gözləri ilə baxır ki, heyhat, nəinki hüquq sistemi, dövlətin məmura münasibəti anormaldır, hətta cəmiyyət də əməllicə böhran içindəymiş ki. Yalan, yaltaqlıq, rütbə qarışında sitayiş ərşi-əlaya dirənibmiş. Yoxsa, ortada terror, rüsvayçılıq yox, bədbəxt hadisə varkən, onun dəstəyə, təsəlliyə ehtiyacı duyarkən bir zamanlar başına pərvanə kimi dolananların çoxu niyə əkilib-aradan çıxısın ki?! Bəli, bütün bu aydınlanma həmkarımızın qapısını o bədbəxt hadisə döyüdüyü zaman çəhrayı eynəyin gözündən düşməsi ilə bir anda baş verir.

Opportunizm ruhuma yad olmasaydı, yaxud gənc üsyankar vaxtlarım olsaydı, bu qədər dastan yazmaqdansa, Qalib Arifin statusunu paylaşar və üstünə bircə qeyd qoyardım: Öz cəzandır, çək Balaş! Yaxud, əkdiyin ağacların meyvəsini ye, hələ sənə az olub.
Ancaq, daha bunu edə bilmirəm, yaxud nadirən bu metoda əl atıram. Çünki, qəti inamın budur ki, bizim problem ayrı-ayrı adamlardan qaynaqlanmır. Ölkəni, insanları zəlil günə qoyan idarəetmənin mahiyyəti, fəlsəfəsi hədəfə götürülməlidir. Hətta o sistemin indki sifəti olan birinci şəxsi dəyişib, onun yerinə başqasını qoysaq, amma idarəetmənin mahiyyətinə, fəlsəfəsinə toxunmasaq, gələn gedənə rəhmət oxutduracaq. Çox, təəssüf, fərdi miqyasında, öz evinin divarları arasında bu acı gerçəkliklə qarşılaşsa da Qalib Arif (onunkimilər az deyil, burda Qalib Arif artıq obrazdır) hələ də yarımhəqiqət kimi təsir bağışlayr. Yəqin, hirsini-hikkəsini tökmək üçün aramsız xırda məmur, yarıtmaz kadr, mistik səbəb axtarışındadır. Bilmirəm. Ancaq, yenə də bu sistem problemidir.

Müasir dövlət mənə görə ancaq vətəndaşlığına azadlığı mümkün imkanlarını təmin edən dövlətdir. Çoxdan azadlıq üçün özüm bir populist tərif quraşdırmışdım. Deyirdim, azadlıq o yerdədir ki, insan dərdini, problemini rahat, çəkinmədən, burcutmadan dilə gətirə, car çəkə bilir. Ancaq, Oruelin “Azadlıq iki üstə gəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq” (“1984” romanı. Təəssüf ki, bu antiutopik romanı hələ də oxumamışam. Səbəb, hara gedirəmsə, dostlarımın ondan danışmasıdır. Az qala bu minvalla əsəri əzbərləmişəm) fikri ilə tanış olandan sonra tərifimin solğunluğundan nəbzim zəiflədi.
Bir dənə test edin, görək 2+2=4 deyə bilirsiniz, ya yox?