Hakimiyyətin “Altay Həsənov” kölgəsi


Azərbaycanın dövlət-hakimiyyət strukturlarında nüfuzuna görə “Əliyevlər”dən daha təsirli hala gəlmiş “Paşayevlər” klanının nümayəndələri haqqında silsilə yazımızı davam etdiririk. Maraqlıdır ki, bu ailənin nümayəndələri Heydər Əliyevin hakimiyyətdə olduğu zaman bütün siyasi və inzibati proseslərdən kənarda saxlanılsa da ölümü ilə onlara “yaşıl işıq” yandırdı. Budəfəki yazımız Birinci xanım Mehriban Əliyevanın bibisi oğlu və Birinci vitse-prezidentin Katiblik rəisi Altay Həsənov barəsindədir.

Katiblik rəisi, Federasiya vitse-prezidenti, Birinci ledinin sağ əli


Altay Həsənov – Birinci vitse-prezident Mehriban Əliyevanın ən sevimli və güvənilən qohumudur desək, yəqin yanılmarıq. Birinci ledinin bibisi oğlu olan A.Həsənov ona tapşırılan bir çox vəzifələrin öhdəsindən gələrək hətta Birinci vitse-prezidentin Katiblik rəisi postunadək yüksələ bilib. 2000-ci ilə qədər ixtisası üzrə Filologiya sahəsində çalışsa da, 2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etməyə başlayandan orada vitse-prezident kimi çalışıb.

Düzdür, o, gimnastikadan daha çox Mehriban Əliyevanın demək olar ki, vəzifə tutduğu bütün qurumlarda onun baş məsləhətçisi kimi özünü doğruldub. “Bibioğlu” “Paşayevlər”in planları, fəaliyyətdə olan layihələri və kadr siyasəti ilə də bağlı birinci ledinin ən səlahiyyətli qohumu hesab edilir. Məhz onun kurasiyasında olan sahələrə tikinti şirkətləri, bir sıra media qurumları, yaşayış kompleksləri, uşaq bağçaları, gözəllik mərkəzləri və s. daxildir. Gəlin, Altay Həsənovun bu imkanlardan istifadə etməklə öz ailə üzvlərinə yaratdığı “şərait”lə yaxından tanış olaq.


Kürəkən üçün dövlət agentliyi


Altay Həsənovun ən uğurlu gedişlərindən biri – yeganə qızı Nərminə Həsənovanın həyat yoldaşı Orxan Məmmədovun yeni yaradılan dövlət agentliyinə rəhbər təyin edilməsidir. Əvvəllər Sənaye və Energetika, eləcə də İqtisadiyyat Nazirliklərində çalışan O.Məmmədov xüsusi təşəbbüsləri ilə seçilməyib, 12 illik peşə fəaliyyətində çalışdığı ən yüksək vəzifə şöbə müdirliyi olub.

Onun rəhbər təyin edildiyi, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) ölkədə mikro, kiçik və orta biznesin inkişafını dəstəkləyir, sahibkarlara dəstək və xidmətlər göstərir, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirir. Fərmanda o da qeyd edilir ki, Agentliyin nizamnamə fondu 5,0 (beş) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Daha doğrusu, KOBİA vasitəsilə dövlət büdcəsinin qohum bizneslərinə yönəldilməsi qanuniləşdirilir.

Orxan Məmmədov isə öz növbəsində qaynatasının imkanlarından istifadə etməklə ailə üzvləri üçün müəyyən imtiyazlar qazana bilib. Belə ki, onun kiçik qardaşı Heydər Məmmədov uzun illərdir prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışır. 2020-ci ildən isə İlham Əliyevin sərəncamı ilə baş prokuror Kamran Əliyevin müavini vəzifəsinə təyin edilib.

Rasim Ocaqovun “Paşayev”ləşən qızı


Altay Həsənovun həyat yoldaşı Kəmalə Ocaqova isə Azərbaycanın mərhum kinorejissoru Rasim Ocaqovun qızıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdiri vəzifəsini icra edən K. Ocaqova ölkədə qadın problemləri və gender məsələləri ilə maraqlanmasa da, paytaxtın müxtəlif yerlərində otel və obyekt tikdirməkdə daha məharətlidir. Məsələn, 2019-cu ildə onun sifarişi ilə Səbail rayonu, Mərdanov qardaşları küçəsi, 8 ünvanında mansardı ilə birlikdə 4 mərtəbəli mehmanxana binası layihəsi hazırlanıb, hazırda tikinti işləri davam etdirilir. Yəqin elə bu xidmətlərinə görə, o, prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Tikinti obyektinin layihəçisi olan “Kon-Lay Project” MMC də ailəyə yad şirkət deyil. Şirkət 2005-ci ildə Altay Həsənovun yaxın qohumu Əzimxan Həsənov tərəfindən təsis edilib. MMC sənaye və mülki binaların layihələndirilməsi üzrə fəaliyyət göstərir, ölkənin müxtəlif şəhər və rayonlarında tikilən bir sıra nüfuzlu layihələrin istehsalçısıdır. Şirkətin layihələndirdiyi işlər sırasında Vergilər Departamentinin inzibati binası, şəhərin müxtəlif yerlərində biznes mərkəzləri, Abşeron rayonunda “Villa Badam” kottec kompleksi, Göygöl ətrafında qəsr tipli iqamətgah, Nəsimi, Yasamal və Xətai rayonlarında çoxmərtəbəli yaşayış binaları kompleksləri, Azərbaycan Qolf Federasiyasının binası, Nərimanov rayonunda uşaq bağçası və s. var.


Kəmalə Ocaqova həyat yoldaşının ona qazandırdığı imkanlardan istifadə edərək atasının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra işlərin görülməsini təmin edə bilib. Bunların arasında kinorejissora həsr olunmuş dövlət səviyyəsində silsilə tədbirlər, xatirə gecələri, doğum və anım günləri münasibətilə televiziya kanallarında xüsusi verilişlər, sənədli filmlər, fotosərgilər, barelyefinin açılışı, eləcə də Şəki şəhər Uşaq-Gənclər Inkişaf Mərkəzi məktəbdənkənar dövlət təhsil müəssisəsinin açılmasına nail olub.


“Bibioğlu”nun biznesmen qızı


Altay Həsənovun qızı Nərminə Həsənova aktiv biznes fəaliyyəti ilə seçilir. O, Bakıda 3 ünvanda yerləşən premium uşaq gözəllik salonu “Barbarisso”nun təsisçisidir. Neftçilər prospekti, Dəniz Mall və Amburan ərazisində yerləşən salonlarda uşaqlar üçün hər bir xidmət göstərilir, qiymətlər isə şəhərin digər salonları ilə müqayisədə xeyli yüksəkdir. Bundan başqa, Gəncə şəhərində də eyniadlı gözəllik mərkəzinin filialı fəaliyyət göstərir.

Həmçinin, Nərminə Həsənova Böyük Britaniyanın “Avropanın Biznesin İnkişafı Bürosu” Elmi Tədqiqat Mərkəzi tərəfindən təsis edilmiş “Miniboss Business School” məktəbinin Bakıdakı təmsilçisidir. Özü də bu məktəbin açılmasında onu sahibkar kimi elə həyat yoldaşı Orxan Məmmədovun rəhbərlik etdiyi dövlət qurumu – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstəkləyib. Adıçəkilən məktəbin rəsmi internet saytında qeyd olunan məlumata görə, bu məktəbin hər hansı bir ölkə ərazisində fəaliyyətə başlaması üçün franşizanın qiyməti 50 000 avrodan 250 000 avroyadək dəyişir. Biznes məktəbin ölkə üzrə monopoliyasının əldə edilməsi üçün isə qiymət 250 000 avrodan başlayır. Görünür, KOBİA Biznes məktəbi makro sahibkarlıq kimi dəyərləndirib və dövlət büdcəsindən sözügedən məbləğləri öz həyat yoldaşı üçün ayırıb.


Yəqin ki, bu səbəbdən, KOBİA-dan dəstək gözləyən həqiqi ehtiyac sahibi onlarla bizneslər isə hələlik Orxan müəllimin “ailə ehtiyacları”nın bitməsini gözləyir.


Milli Məclisin himayədarı, spikerin dostu


Altay Həsənovun dövlət strukturlarında rəhbər vəzifəyə gətirdiyi kadrların sayı az deyil. Son illərə qədər ölkə parlamentində kimlərin təmsil olunacağına “Boz kardinal” Ramiz Mehdiyev qərar verirdisə, onun devrilməsi ilə bu “mühüm” səlahiyyəti də Altay Həsənov öz üzərinə götürüb. Parlamentdə təmsil olunan demək olar ki, bir çox yeni millət vəkillərinə mandatı məhz “bibioğlu” qazandırıb (Bu deputatların adlarını yaxın zamanda geniş məqalə ilə açıqlayacağıq). Bununla da parlament də tamamilə “Paşayevlər” klanının nəzarətinə keçib. Hətta cənab Mehdiyevin “xeyir-duası” ilə deputat kürsüsünə əyləşmiş Eldəniz Səlimov qalmaqallı şəkildə Milli Məclisdən uzaqlaşdırılaraq, həbsə göndərildi.


Maraqlıdır ki, Milli Məclisin spikeri Sahibə Qafarova da Altay Həsənovun köhnə dostlarından biridir. Hər ikisi gənclik illərində fililogiya sahəsində fəaliyyətləri zamanı tanış olaraq, dostluqlarını ailəvi şəkildə davam etdiriblər. Parlamentin yeni tərkibinin formalaşdırılması zamanı isə sadiq ailə dostunun namizədliyi ən uyğun seçim olub.

Yeni nazir və qalmaqallı müavini


A.Həsənovun kadrlarından daha biri ötən il Gənclər və İdman naziri təyin edilən Fərid Qayıbovdur. Uzun müddət Azərbaycan Gimnastika Federasiyasında Altay Həsənovun katibi vəzifəsində çalışan və etimadını qazanmağa nail olan yeni nazir idman ictimaiyyəti ilə çoxdan və yaxşı tanış olsa da hələ ki, xüsusi bir fəaliyyəti nəzərə çarpmır. Bir sıra federasiyalarda apardığı “təftiş”lər isə gözdən pərdə asmaqdan başqa bir şey deyil.

Fərid Qayıbovun özünə müavin təyin etdiyi xanımlardan biri – mediada müzakirələrə səbəb olan görüntüləri ilə tanınan Marina Vasileva da Altay Həsənovun kadrıdır. 2009-cu ildən Azərbaycanın gimnastika yığmasının məşqçisi kimi çalışan Marina Vasileva heç vaxt parlaq reputasiyası ilə seçilməyib. Yığma üzvlərinə psixoloji və fiziki şiddət tətbiq etməsinə baxmayaraq, xanım Vasilevaya bu illər ərzində “gözün üstə qaşın var” deyən olmayıb. Onun nazir müavini kimi ölkənin gənclərinə və idmanına hansı yanaşmanı göstərəcəyini isə zaman göstərəcək…


Ardı var…

Vüsal