Vahid Kınık
İlham Əliyev məni tamam çaşdırdı. Beynim “error” verir. Kömək edin.
İlham Əliyev 26 yanvar 2016-cı ildə deyib: “Quş əti – özümüzü 98,6 faiz təmin edirik”. 2016-cı ilin sentyabr ayının 17-də isə deyib ki, “toyuq əti ilə 100 faiz səviyyəsində təmin edirik”. 2017-ci ilin avqust ayının 4-də də İlham Əliyev əvvəl dediyini təkrar edib: “Biz özümüzü toyuq əti ilə 100 faiz səviyyəsində təmin edirik”. 2018-ci ilin mart ayının 26-da İlham Əliyev bir az fərqli deyir: “Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq”. Bu ilin yanvar ayının 12-də İlham Əliyev görün nə deyir, deyir ki, “toyuq əti istehsalında da 80 faizə çıxa bilmişik”. Sonrası daha maraqlıdır. Sonra da deyir ki, “yəni heç vaxt tarixdə-sovet dövründə və müstəqillik dövründə bu rəqəmlərə biz çıxmamışıq”. Dəyərli dostlar, məni başa salın görək İlham Əliyev nə demək istəyir?! Biz özümüzü toyuq əti ilə 98,6%, 100% təmin edirik, yaxın bir-iki ilə 100 faiz təmin edəcəyik, yoxsa 80 faizə çıxa bilmişik? İlham Əliyev əvvəlki illərdə deyir ki, biz özümüzü toyuq əti ilə 100 faiz səviyyəsində təmin edirik, indi isə deyir ki, toyuq əti istehsalında 80 faizə çıxa bilmişik. Sonra da deyir ki, yəni heç vaxt tarixdə-sovet dövründə və müstəqillik dövründə bu rəqəmlərə (80%-ə) biz çıxmamışıq. İlham Əliyevin dediyinə görə 2016-2017-cı illərdə indikindən 18,6-20 faiz daha çox quş əti ilə biz özümüzü təmin edirdik. Məgər 2016-2017-cı illlər müstəqillik dövrü hesab edilmir?! İlham Əliyevin səsləndirdiyi bütün rəqəmlər ziddiyyətlidir və bir-birini inkar edir. Saxta rəqəmlərlə manipulyasiya edəndə nəticəsi belə olur.