İlham Əliyev Heydər Əliyevin dövründə olanları inkar edir

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri

“Azərbaycan heç vaxt süd istehsal eləmirdi”. Bu fikri yerli tv-lərə müsahibəsində İlham Əliyev söylədi. “Az istehsal olunurdu”, “özünütəminat səviyyəsi aşağıydı” şəklində də ifadə eləmədi fikrini, elə belə də dedi. Sovetlər dövrünü nəzərdə tuturdu.

Doğrusu, bu qədərini gözləməzdim. Axı sovetlər dövründə Azərbaycanda minlərlə südlük, südlük-ətlik, ətlik-südlük təsərrüfatları fəaliyyət göstərib və bu təsərrüfatlarda yüz minlərlə naxırçılar, sağıçılar çalışıb. Onları, onların əməyinin nəticələrini necə görməzdən keçmək olar? Baxın, Azərbaycanda ən çox pambıq yığımı 1981-ci ilə təsadüf edib. Pripiskanın tüğyan elədiyi həmin il Moskvaya “raport” verilmişdi ki, Azərbaycan 1 milyon tondan çox pambıq tədarük edib. O zamanlar ölkədə pambıqçılıq naminə böyük səfərbərlik həyata keçirilər, hətta şagird və tələbələri məcburi qaydada təhsildən ayırıb pambıq plantasiyalarına yollayardılar… Bunu xatırlatmaqda məqsədim odur ki, ölkənin əsas diqqəti pambıqçılığa yönəldilirdi deyə, digər sahələr müəyyən mənada arxa plana keçirilirdi. Amma bütün bunlara baxmayaraq, 1981-ci ildə Azərbaycanda 1,8 milyon baş inək və camış, 5,4 milyon baş qoyun və keçi sürüləri saxlanılırdı. Bu baza hesabına 81-ci ildə 836 min ton süd istehsal olunmuşdu. Sonrakı illərdə, məsələn 1986, 1987, 1988-ci illərdə illik süd istehsalı orta hesabla hətta 1,1 miyon tona qədər yüksəlmişdi. Müqayisə üçün deyim ki, bu göstərici 2000-2010-cu illərin orta illik göstəricisindən 200 min ton az olub. Belə olan halda Azərbaycanda süd istehsal edilmədiyini necə söyləmək olar?

Təxmin etmək olar ki, İlham Əliyevin prezident aparatında, kənd təsərrüfatı nazirliyində ətrafına cəm elədiyi kənd təsərrüfatı kadroları, iqtisadçılar onu belə bir yanlışa inandıra biliblər ki, heyvandarlıq, südçülük adına ölkədə nə varsa, hamısı onun xidmətləridir.