Müdafiə naziri yeni komandanı qəbul edib

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin ərazisində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib.

Bu məlumatı bu gün, yanvarın 12-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.

Məlumatda qeyd edildiyinə görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub: “General-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib”.

Rusiyanın Dağlıq Qarabağdakı kontingentinə general-mayor A.Volkovun rəhbərlik edəcəyi xəbəri bir neçə gün öncə Ermənistan mediasinda da yayılmışdı. Həmin məlumatlara görə, komandir dəyişikliyi plan üzrə rotasiya çərçivəsində həyata keçirilir.

Volkov kimdir?

General-mayor Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandir müavini olub. Həmin vaxt kontingentə general-leytenant R.Muradov rəhbərlik edirdi.

Bu təyinata qədər isə Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi olub.

2021-ci ilin sentyabrından Qarabağdakı sülhməramlı kontingentin komandiri vəzifəsini general-leytenant Gennadi Anaşkin tuturdu.

Azadlıq radiosu