“Xanım Paşayevlər”in biznesləri


Azərbaycanda hakimiyyət strukturlarının daxilində öz təsir imkanlarına görə “Əliyevlər” klanından daha güclü və daha imtiyazlı sayılan “Paşayevlər” klanı haqqında ötən dəfəki yazımız böyük maraq doğurdu. Bu dəfəki reportajımızda da “Paşayevlər”lərin xanım nümayəndələrinin mediaya məlum olmayan bir sıra bizneslərindən bəhs edəcəyik.

Əntiq əşyalar kolleksiyaçıları


Ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva və bacısı, professor Nərgiz Paşayevanın əntiq əşyalara olan xüsusi marağı və diqqəti onların yaxın ətrafına yaxşı məlumdur. Hər iki bacı hələ gənclik illərindən əntiq zinət əşyalarının böyük heyranlarıdır. Onların şəxsi kolleksiyasında Azərbaycan, Gürcüstan, Türkiyə, eləcə də bir sıra Şərq və Qərb ölkələrinə aid nadir və gözqamaşdıran tarixi zinət əşyaları mövcuddur. Hətta “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində məhz “xanım Paşayevlər”ə məxsus bir neçə əntiq əşya mağazası da fəaliyyət göstərir.

Hər iki bacı və onların qızları dünya üzrə qədim əşyalar kolleksiyaçılarından qiymətli əşyalar alırlar. “Xanım Paşayevlər”i bir sıra tədbirlərdə bu cür qədimi zinət əşyalarında görmək mümkündür. Məsələn, Mehriban Əliyevanın 50 illiyi münasibətilə“Baku” jurnalına verdiyi müsahibə üçün fotoçəkilişdə Osmanlı imperiyası dövrünə aid dəyərli boyunbağı ilə görüntülənmişdi.

Bundan əlavə, Mehriban Əliyeva Çin təqviminə görə “Əjdaha ili”nin nümayəndəsi olduğundan əjdaha fiqurlarından ibarət geniş kolleksiyası mövcuddur. Onun kolleksiyasında Şərq və Qərb ölkələrindən onun üçün xüsusi gətirilmiş şüşədən və dəmirdən nadir əjdaha suvenirləri mövcuddur.


Dünya üzrə “Bakı restoranları”


Rusiyada və Böyük Britaniyada çap olunan, hədəf alıcıları isə Azərbaycanda olan “Baku” jurnalının baş redaktoru və ölkənin əsas restoratoru Leyla Əliyeva dünyanın bir çox ölkələrində olan bu adda restoranların da sahibidir. Belə ki, hakim ailənin mülklərinin ən çox olduğu Dubay və Londonun mərkəzi hissələrində fəaliyyət göstərən “Baku” restoranları məhz L.Əliyevaya aiddir. Hər iki restoran Bakıda, “Port Baku” ərazisində yerləşən və ötən yazıda da qeyd etdiyimiz kimi, İ.Əliyevin böyük qızına aid olan “Baku” restoranının filiallarıdır. Dubayda Bakı restoranı 39 Al Safa street, City Walk 2, Londonda isə Sloane Street küçələrində yerləşir. Hər iki restoran Heydər Əliyev Fondu tərəfindən keçirilmiş silsilə tədbirlərin qonaqlarına ev sahibliyi edib, prezident ailəsinin üzvlərini də bu şəhərlərdə olarkən “Baku” restoranlarında görmək mümkündür. Maraqlıdır ki, Dubaydakı restoran Dubay şeyxi Məhəmməd ibn Rəşid əl-Məktum və həyat yoldaşının orada nahar etməsindən sonra yerli əhali və turistlər arasında daha da populyarlaşıb.

Əkizlər üçün xüsusi məktəb


Leyla Əliyevadan söz düşmüşkən… Ölkənin ən məşhur əkizləri – İlham Əliyevin ilk nəvələri, Leyla Əliyevanın oğulları Əli və Mikayıl Ağalarovların Azərbaycanda təhsil aldıqlarından çoxları xəbərsizdir. Ölkədə bir sıra məmurlar övladlarının Avropa və ABŞ-da orta və ali təhsil almasını seçdikləri halda, prezident ailəsi nəvələrini gözündən kənara qoymamaq qərarına gəlib. Buna daha bir misal olaraq, prezidentin oğlu Heydər Əliyevin də Bakıda – xüsusi olaraq məhz onun üçün yaradılmış Azərbaycan Diplomatik Akademiyasında (ADA) təhsil almasını göstərmək olar. Yeri gəlmişkən, adıçəkilən ali təhsil ocağına rəhbərliyi də ölkənin birinci xanımı Mehriban Əliyavanın əmisi Hafiz Paşayev edir. Maraqlısı isə budur ki, prezidentin oğlu Akademiyanı bitirdikdən sonra onun oxuduğu dövrdə orada dərs deyən xaricdən gətirilmiş professorlar da geri göndərilib.


Əkiz nəvələr Əli və Mikayıl üçün isə Bakıda – Zığ şossesində yerləşən “Dreamland” layihəsi çərçivəsində “Sabis Sun” Beynəlxalq məktəbi yaradılıb. Məktəbin açılışında prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəxsən iştirak edərək, burada yaradılan şəraitlə tanış olublar. “Sabis” dünyanın ən məşhur məktəblər şəbəkələrindən biridir və Azərbaycanda tərəfdaşı prezident ailəsinin kurasiyasında olan “Azersun Holding”dir. Burada təhsil ingilis dilində aparılır, illik təhsil haqqı isə 13-20 000 ABŞ dolları arasında dəyişir. Əli və Mikayıl Ağalarovların təhlükəsizliyinin təmin edilməsi üçün məktəbdə xüsusi təhlükəsizlik sistemi, pilotsuz təyyarələrlə nəzarət və müşahidə mövcuddur. Özəl məktəb dedikləri bu olsa gərək…

Məktəbin yerləşdiyi “Dreamland” ərazisində, həmçinin helikopterlərin enməsi üçün meydança da mövcuddur. Məktəbdə həm də hakim ailəylə qohumluq və yaxınlıq əlaqələri olan bir sıra şəxslərin övladları, o cümlədən Mehriban Əliyevanın bacısı Nərgiz Paşayevanın da nəvələri təhsil alırlar.

Ailə hospitalı


Təbii ki, prezident ailəsinin üzvləri üçün xüsusi məktəb və universitet inşa edildiyi halda vacib olan digər struktur – xəstəxana da inşa edilməyə bilməzdi. Onların sadə müayinə və ilkin tibbi xidmətlərinin həyata keçirilməsi məqsədilə Leyla Əliyevanın istəyi əsasında yaradılan “Bona Dea” Beynəlxalq xəstəxanasında tez-tez prezidentin övladlarını və nəvələrini görmək mümkündür. Açılışı 2018-ci ildə prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə baş tutmuş hospitalda ümumilikdə 850 nəfərdən ibarət tibbi heyət çalışır. Heyətin demək olar ki, yarıdan çoxu dünyada öz sahələri üzrə məşhur olan tibbi mütəxəssislərdir. Onların arasında ABŞ, Kanada, Avstraliya, Almaniya, İtaliya, Fransa, Belçika, Niderland, Xorvatiya, Serbiya, Yunanıstan, İspaniyadan olan peşəkar həkimlər var. Bundan başqa, Bakıda məhz “Bona Dea” Beynəlxalq Hospitalında helikopterlərin enməsi üçün meydança yaradılıb.

Naşir, fond rəhbəri, biletsatan, restorator, reklamçı…


Əvvəlki yazımızda Nərgiz Paşayevanın kiçik qızı Ülviyyə Mahmudovanın bir sıra biznesləri barəsində yazmışdıq. “Nargis” jurnalı və fonduna rəhbərliklə yanaşı, həm Bakıda, həm də ölkə xaricində restoranları olan, ölkənin ən böyük onlayn bilet satışı saytına rəhbərlik edən Ülviyyə Mahmudovanın bizneslərindən daha biri isə reklam sahəsi ilə bağlıdır. İngiltərədə təhsil aldığından özünə “Olive” təxəllüsü seçən Ü. Mahmudova bizneslərində də bu addan istifadə edir. Belə ki, artıq bir neçə ildir fəaliyyət göstərən “Olive project” reklam agentliyi və şəhərin outdoor, indoor reklam istehsalı və quraşdırılması, dizayn, çap, montaj xidmətlərini həyata keçirən “Olive Ads” şirkətinə də rəhbərliyi məhz Ülviyyə Mahmudova edir. Hər iki şirkətin daimi müştəriləri arasında “hakim ailənin” idarə etdiyi – “Pasha Bank”, “Pasha Travel”, “Kapital bank”, “Unibank”, “Azərbaycan Beynəlxalq Bankı” , “Bakcell” və s. kimi şirkətlərin reklam, çap və digər dizayn işləri var.

Ülviyyə Mahmudovaya məxsus digər bir biznes isə “Workplace Interiors” dizayn şirkətidir. Bu şirkət interyer üzrə çoxsahəli və tam çeşidli peşəkar şirkət və hazır layihə təminatçısıdır. Şirkət “Port Baku Towers”də yerləşən və “Pasha Holding”ə daxil olan bir çox şirkətlərin tikinti və interyer işlərini həyata keçirib. Bunların arasında “Pasha Travel” ofisləri, “YARAT” Müasir İncəsənət mərkəzinin ofisi, “Lankaran Springs” oteli, “PMD Group” şirkətinin ofisi, “Bakcell” şirkətinin ofisi və s. var. Şirkətə rəhbərlik edən İlham Behbudov isə Ülviyyə Mahmudovanın yaxın rəfiqəsi Cəmilə Behbudovanın həyat yoldaşıdır.


Rəssam xalaqızının mebel şirkəti


Ölkənin müasir incəsənətinə kuratorluq edən professor Nərgiz Paşayevanın qızı Aida Mahmudova 2013-cü ildən həm də “Chelebi” mebel və dekor şirkətinin təsisçisidir. Əsas mağazası paytaxtın ən dəbdəbəli ticarət mərkəzində – “Port Baku”da yerləşən “Chelebi” əsasən mebel, ev dekoru üçün müxtəlif əşya və aksessuarlar, eləcə də mebellər üçün parçaların satışını həyata keçirir. Hətta brendin ilk mebellərinin parçalarında Leyla Əliyeva və Aida Mahmudovanın rəsm əsərlərindən istifadə edilmişdi. Mətbuatda yayımlanan məlumatlarda brendin mebellərinin Türkiyə və İtaliyada istehsal edildiyi bildirilsə də əslində hər bir şey Azərbaycanda – Xırdalan şəhərində böyük ərazini əhatə edən sexdə hazırlanır. Buna baxmayaraq, öz fantastik qiymətləri ilə heç də xarici mebel şirkətlərindən geri qalmır. Şəhərin əsas ticarət mərkəzlərində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Dənizkənarı bulvar ərazisində də “Chelebi” mağazaları mövcuddur.

Sözügedən brendlə bağlı maraqlı faktlardan biri isə ölkə ərazisində və xaricdə “Pasha Holding” idarəçiliyindəki bir çox şirkət, otel və restoranlarda “Chelebi” mebellərindən istifadə tələbinin olmasıdır. Hətta Nərgiz Paşayevanın qızları ilə səmimi münasibət qurmaq istəyən bir çox şirkət rəhbərləri belə öz ofis və evləri üçün bu brenddən külli miqdarda alış-veriş etməyə üstünlük verirlər. Məhz bu kimi hallarda onlar Nərgiz Paşayeva və qızlarının olduğu tədbir və gecələrə qonaq qismində dəvət edilə, onlarla ünsiyyət qurmaq imkanı əldə edə bilərlər.

Ardı var…

Vüsal