Əməliyyat tədbirləri zamanı Qubadlı rayonu ərazisində bir gün əvvəl üç hərbçi yoldaşını güllələyən sərhədçi Elxan Əvəzli saxlanılıb.
Baş Prokurorluq Əvəzlinin yanvarın 3-nə keçən gecə Laçın rayonunun Malxələf kəndində saxlanılması barədə məlumat yayıb.
İstintaq orqanları cinayətin baş vermə şəraitini araşdırır.
***
Yanvarın 2-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində bir hərbçinin 3 nəfər hərbi qulluqçunu öldürdüyü bildirilir.
Baş Prokurorluğun məlumatına görə, ilkin araşdırmalarla müəyyən edilib ki, kiçik çavuş Elxan Əvəzli naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları, baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.
Hazırda Elxan Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.
Öz növbəsində, Elxan Əvəzlinin vəkili və ailə üzvləri Baş Prokurorluğun məlumatına hələ münasibət bildirməyib.