AXCP sədri Əli Kərimli
Çörəyin, unun, un məmulatlarının qiymətini qaldırmayın!
Son günlər sosial şəbəkələrdə çörək, un və un məmulatlarının qiymətinin artırılacağı haqda məlumatlar çox geniş yayılır. Hətta bəzi yerlərdə yeni qiymətlər elan olunana qədər un satışının dayandırıldığı da deyilir. Yayılma intensivliyindən belə təəssürat yaranır ki, bu məlumatlar təsadüfi deyil. Sanki hakimiyyət bu yolla ictimai fikri qiymət artımının növbəti dalğasına hazırlayır.
Biz bir qayda olaraq dövlətin tənzimlədiyi qiymətlərin artırılmasından qiymət artımı faktı baş verəndən sonra xəbər tututuq. Etirazlarımız da fakt baş verəndən sonra ifadə olunur və bir qayda olaraq nəticə vermir.
Bu dəfə hakimiyyəti qabaqlaya bilərik. Un və çörəyin qiyməti hələ qalxmamış qiymət artımına etirazımızı kütləvi şəkildə ifadə edək, hakimiyyəti bu anti-xalq addımdan çəkinməyə çağıraq.
Azərbaycanlılar üçün un və çörəyin qiyməti açıq deyək ki, taleyüklü məsələdir. Biz azərbaycanlılar çörəyi çox yeyən xalqlardanıq. Bu da təbii ki, xoş gündən deyil. Xalqımızın əksər hissəsi çörək və digər un məmulatları ilə özünü birtəhər doyurur. Çünki rəngarəng, sağlam və faydalı məhsullarla qidalanmaq əksər soydaşlarımız üçün artıq əlçatmazdır.
28 illik ailə hakimiyyətinin əsas nəticəsi də məhz budur. Milyonlarla insan bu ölkədə arzuladığı, sağlam və faydalı yeməkləri yeyə bilmir, aclıqlarını çörək və digər un məmulatları ilə birtəhər yola verirlər.
Hakimiyyət anlamalıdır ki, çörək və unun qiyməti çox ciddi sosial-siyasi məsələdir.
Büdcədən bir az az oğurlayın! Ofşor hesablara az pul daşıyın! Londonda az mülk alın! Kölgə iqtisadiyyatını da vergi və gömrüyə cəlb edin! Rüşvəti dayandırın, azad rəqabətə imkan yaradın! Korrupsiya məqsədli lazımsız tikintiləri dayandırın. Hansısa tədbir görün, ancaq xalqımızı heç olmasa, çörəklə sınağa çəkməyin!