Hüquq müdafiəçisi Anar Məmmədli
Bu gün facebook dostluğumda 44 nəfərin ad günüdür. Hər birini təbrik edir və onlara yeni ildə can sağlığı, xoş günlər diləyirəm.
Amma virtual dostluğumda olmayan, xatirəsi yeniyetməlik və gənclik illərində yarımçıq qalan dostumuzdan bəhs etmək istəyirəm. Yaşasaydı bu gün onun 44 yaşını qeyd edəcəkdik.
Əsəd bizim evdən 3 küçə aralı yaşayırdı. Eyni məktəbdə paralel siniflərdə oxusaq da, 7-ci sinifədək yaxınlığımız olmamışdı. Şahmat klubunda yaxınlaşıb, dostlaşdıq. Və onlara gedib-gəldikcə, onunla söhbətləşdikcə məni heyrətləndirməyə başladı.
Atasının kiçik dükanında suvenirlərə naxış vurmağı, mətbəx əşyalarını təmir etməyi, evin divarlarını rəngləməyi və divar kağızı vurmağı yeniyetmə ikən bacarırdı. Amma ən yaxşı bacarığı şahmat oynamaq idi. 7-ci sinifdə şahmat turnirinə qatılıb 4-cü dərəcəmi alanda, o artıq 2-ci dərəcədə idi. İki-üç il sonra ustalığa namizəd dərəcəsi də vardı. Şahmat turnirlərində iştirak etsəydi, az zamanda usta və beynəlxalq ustalığa namizəd dərəcəsi ala bilərdi. Amma 90-cı illərin maddi sıxıntıları imkan vermirdi ki, rayon şahmat klubu onu Bakıda və ya xarici ölkələrdə turnirlərə göndərsin. Bir dəfə şahmat oyunumuz 3 saat çəkdi. Əslində mənim arxamda bütün küçədən keçən, qonşu və tanış adamlar vardı. Guya mən oynayırdım, əslində xeyli adama yığışıb Əsədə qarşı kollektiv mübarizə aparırdıq. Nə həmin gün, nə də sonra onunla şahmatı təkbaşına ya başqaları ilə birgə qazana bildim.
95-ci ildə ödənişli əsaslarıla daxil olduğu universitetdə oxumaq üçün ailəsinin maddi imkanı çatmadı. Qərara aldı ki, hərbi xidməti başa vurub ali məktəbə qiyabi daxil olsun. Arzusu şahmat müəllimi kimi çalışmaq, yarışlara qatılmaq və imkan edib kurslar açmaq idi. Amma bu arzulara 97-ci ilin 22 mayında son qoyuldu. Yaramaz bir güllə Tərtərdə səngərdə onun 19 yaş 4 ay yarımlıq ömrünə son qoydu.
Əsədin ölümündən sonra atası bir il yaşamadı. Əvvəldən də xəstəliyi vardı. Amma övlad itkisi onun ölümünü sürətləndirdi. Anası da ruhən ölmüş kimi idi. Bir neçə il də o yaşadı.
Sevilən uşaq idi – məktəbdə, küçədə, yaşıdları və şahmatçı rəqibləri arasında. Ədəbiyyat vurğunu idi. Aşiq idi. 95-in qışında ilk və son sevgisinə görə iztirab çəkəndə onunla birgə İbrahim Tatlısəs, Çelik, Leman Samın xitlərini və Oya-Bora qrupunun “Sevmək zamanı” mahnısını dinləməyə məcbur olurduq.
Ötən 25 ildə nə şahmata onun kimi bağlana bildim, nə də onun sevdiyi mahnıları sakitcə dinləməyi bacardım. Dörd divar arasında yalnız qalanda, xəstələnib canınla əlləşəndə, yaxşılıq əvəzinə nankörlük və namərdliklə üzləşəndə Əsədin güləruz, məsum və qayğıkeş çöhrəsi gözümün qarşsına gəlib. Həmin günlərdə bəzən yuxularıma girib “ürək-dirək” verib.
Şəhidiliyindən 6 ay əvvəl yaralanmışdı. Bakıda hərbi hospitalda müalicə alırdı. Arada gəlib bir həftə də bizimlə qaldı. Bir gün Xəqani-33-də görüşüb çay içirdik, kimsə gəlib bizə Araz Elsəsin konsertinə biletlər verdi. Yanılmıramsa 97-ci ilin soyuq fevral günlərindən biri idi. Yarası tam sağalmamışdı və dilə tutsam da evə getmədi, konsertə getməyimizi istədi. Konsertdə isə hərbi formada idi. Araz bunu fərq edib əsgər salamı verdi.
Konsertdən çıxanda çox sevincli idi. Metroda konsertdən qayıdan tanınmış simalardan biri ilə mübahisəsi düşdü. Biz Neftçilərdə qatarı tərk edəndə, həmin şəxs Əsədə dedi ki, çox paksınız, belə idealist düşünməklə həyatı yaşamaq çox çətindir, çalışın özünüzü qoruyun. Özünü qoruya bilmədi.
Hər ilin ilk günü sənin günüdür. Hüzn dolu gün. Ömrümüzün sonuna kimi bizim üçün hamımızdan gənc, adil, saf və cəsur olaraq qalacaqsan…