Prezident İlham Əliyev dekabrın 18-də Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti və media azadlıqları haqqında danışıb.
“Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur, bizdə azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür. Eynilə insan hüquqları məsələsi. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır”, ‒ deyə İlham Əliyev bildirib.
“Fakt Yoxla” Prezidentin ölkədə insan haqları və media azadlıqlarının vəziyyətinə dair iddialarının doğru olub-olmadığını yoxlayıb.
Azərbaycanda siyasi azadlıqların, eləcə də medianın durumuna dair tənqidlərin yaşı elə də az deyil. Bu tənqidlər əsasən ölkənin Avropa Şurasına üzvlüyündən sonra başlayıb.
Elə Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç 2020-ci ilin martında daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı məktubda Bakıda keçirilən etirazlar zamanı polisin dinc aksiyalara qarşı zorakılığı və nümayişçilərin dağıdılması ilə bağlı narahatlığını ifadə edib.
Komissar Bakının mərkəzində bütün dinc etiraz formalarının qadağan edilməsi, inzibati həbslər və cərimələr, etiraz aksiyalarını işıqlandıran jurnalistlərə qarşı amansız rəftardan narahatlığını dilə gətirib.
“Mənə həmçinin məlum olub ki, bir neçə etirazçı planlaşdırılan nümayişdən əvvəl həbs edilib və maşın və ya avtobusla uzağa, bəzən Bakıdan yüzlərlə kilometr uzaqdakı yerlərə aparılıb, bu da onların etiraz aksiyasında iştirakına imkan verməyib. Bundan başqa, etiraz aksiyalarını işıqlandıran jurnalistlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən amansız rəftara məruz qoyulub”, ‒ deyə komissar məktubunda vurğulayıb.
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının insan hüquqlarına dair 2020-ci ilə dair hesabatında Azərbaycanla bağlı ciddi tənqidlərə yer verilib. Təşkilat ölkədə tətbiq edilən məhdudlaşdırıcı qanun və qaydaların qeyri-hökumət təşkilatlarının müstəqil fəaliyyətinə əngəllər yaratdığını, ölkədə işgəncə və pis rəftarla bağlı ciddi hüquq pozuntuları hallarının geniş yayıldığını bildirib.
Sənəddə qeyd olunur ki, Bakının mərkəzi ərazilərindəki etiraz aksiyalarına faktiki olaraq tam qadağa tətbiq olunub. 2020-ci ilin fevral ayında polis, parlament seçkiləri dövründəki iddia edilən pozuntulara etiraz edən, deputatlığa namizədlər də daxil olmaqla yüzdən çox müxalifət tərəfdarını saxlayıb.
Etiraz aksiyası başlamazdan əvvəl polis bir neçə fəalı evlərində saxlayıb. Polis bu saxlanılanların əksəriyyətini Bakıdan 200-300 kilometr aralıda yerləşən ucqar ərazilərə apararaq sərbəst buraxıb.
Məhdudlaşdırmalar qanunvericiliyə edilən dəyişikliklərlə də müşaiyət olunub. Milli Məclisin 17 mart 2020-ci il tarixli ilə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən əlavə ilə internet informasiya resursları sahiblərinə “ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar” paylaşmağa görə məsuliyyət nəzərdə tutulub.
Hesabatın ifadə və media azadlığı ilə bağlı hissəsində deyilir ki, Parlamentin “Covid-19” pandemiyası ilə əlaqədar mart ayında İnformasiya qanununa etdiyi dəyişikliklərə əsasən, internet informasiya resursları sahibləri yalan hesab etdikləri və cəmiyyətin təhlükəsizliyi və ya sağlamlığı üçün təhlükə hesab ediləcək məlumatların onlayn yayımlanmasının qarşısını ala bilmədikləri təqdirdə üç ilə qədər həbs cəzası ilə üzləşə bilərlər.
“Human Rights Watch”a məlum olan azı 10 halda hökumət sayt sahibləri, bloger və “facebook” istifadəçilərini pandemiya mövzusunda hakim siyasəti tənqid edən onlayn yazıları silməyə məcbur edib.
“Amnesty International” təşkilatının 2020-ci ilə dair hesabatında da Azərbaycanda ifadə və sərbəst toplaşma azadlığındakı pozuntular, siyasi səbəblərlə işgəncə faktları, QHT-lərə yaradılan çətinliklər, qanunsuz həbslər kimi məsələlər yer alıb.
Hesabatda qeyd olunur ki, müharibə və pandemiya dövründə onlarla müxalifət lideri və fəalı özbaşına həbs edilib və saxlanılıb. Artan ictimai narazılığa cavab olaraq toplaşma və ifadə azadlıqları daha da məhdudlaşdırılıb; birləşmək azadlığı məhdudlaşdırılmış vəziyyətdə qalıb.
Hakimiyyətin pandemiya ilə mübarizəsini tənqid edən jurnalistlər və müxalifət fəalları da daxil olmaqla ondan çox şəxs saxta ittihamlarla, o cümlədən polisin əmrlərinə tabe olmamaq və ya qanun pozuntusuna yol verməkdə ittiham olunaraq 10 gündən 30 günə qədər qondarma “inzibati həbs” cəzasına məhkum edilib.
Sənəddə o da qeyd olunur ki, siyasi motivli cinayət ittihamı ilə həbslər gücləndirilib. Prezident İlham Əliyevin martın 19-da ölkəsinin müxalifətini pandemiya qarşısında “təcrid etmək” və “təmizləmək” barədə bəyanatından sonra bir sıra hökumət tənqidçiləri həbs olunublar.
Martın 25-də tanınmış müxalifət fəalı Tofiq Yaqublu saxta xuliqanlıq ittihamı ilə saxlanılıb. Hüquq müdafiəçisi Elçin Məmməd oğurluq ittihamı ilə martın 30-da həbs edilib və oktyabrın 18-də Sumqayıt şəhər Məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrum edilib.
“Amnesty International”a görə, hər iki şəxs hakimiyyəti açıq şəkildə tənqid edib. Oxşar səbəblə həbs edilən etnik talış fəalı Fərxəddin Abbasov noyabrın 9-da həbsxanada vəfat edib. İlin sonuna qədər onun ölümü ilə bağlı heç bir təsirli araşdırma aparılmayıb.
“Freedom House”un dünyadakı azadlıqlarla bağlı 2021-ci ildə dərc etdiyi hesabatında qeyd edilir ki, Azərbaycan siyasi hüquqların vəziyyətinə görə 40 üzərindən 2 balla, vətəndaş azadlıqlarına görə isə 60 üzərindən 8 balla qiymətləndirərək azad olmayan ölkələr sırasına daxil edilib. Bu göstərici 2020-ci ildə də eyni olub.
Təşkilat hakimiyyətin 2020-ci ildə media azadlığını və pandemiya ilə bağlı onlayn müzakirələri məhdudlaşdırmağa çalışmasına, bir neçə jurnalistin hazırladıqları reportajlara görə saxlanılmasına və ya həbs edilməsinə, bəzi internet istifadəçilərinin isə hökumətin pandemiyaya reaksiyasını tənqid edən materialları sosial media platformalarından və internet saytlarından çıxarmağa məcbur etməyinə diqqət çəkib.
Qurumun 2021-ci ildə dərc etdiyi və 70 ölkəni əhatə edən internet azadlığına dair hesabatına görə, Azərbaycan internetin azad olmadığı 21 ölkədən biridir. Dünya Genişzolaqlı Sürət Liqasının qiymətləndirməsinə əsasən, Azərbaycan 2021-ci ildə internetin sürətinə görə 224 ölkə arasında 167-ci yerdə qərarlaşıb.
“Sərhədsiz Reportyorlar” təşkilatının 2021-ci il üzrə Dünya Mətbuat Azadlığı indeksində isə Azərbaycan 180 ölkə arasında 168-ci yerdə qərarlaşıb.
ABŞ Dövlət Departamentinin 2020-ci ilə dair hesabatında Azərbaycanda kobud insan hüquqları pozuntularının davam etdiyi qeyd olunub.
Hesabata əsasən, sözügedən insan hüquqları pozuntularına bunlar daxildir: “Qanunsuz və ya özbaşına adam öldürmə; işgəncə; əsassız həbs; ağır və bəzən həyat üçün təhlükə yaradan həbsxana şəraiti; siyasi məhbuslar; şəxsi həyatın toxunulmazlığına özbaşına müdaxilə; ölkədən kənardakı şəxslərə qarşı siyasi motivli repressiya; məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlər; jurnalistlərə qarşı zorakılıq, böhtana görə cinayət məsuliyyətinin nəzərdə tutulması, şübhəli ittihamlarla jurnalistlərin təqib edilməsi və həbs edilməsi, internet saytlarının bloklanması da daxil olmaqla, ifadə azadlığına, mətbuata və internetə ciddi məhdudiyyətlər; dinc toplaşmaq hüquqlarına və birləşmək azadlığına əsaslı müdaxilə; hərəkət azadlığının məhdudlaşdırılması; siyasi iştiraka ciddi məhdudiyyətlər; sistemli hökumət korrupsiyası; cinsi oriyentasiyaya əsaslanan şəxslərə qarşı polis vəhşiliyi; uşaq əməyinin ən pis formalarının mövcudluğu”.
Hesabatda qeyd edilir ki, 14 iyul 2020-ci ildə keçirilən aksiya zamanı AXCP üzvləri Fuad Qəhramanlı, Seymur Əhmadov, Ayaz Məhərrəmli, Ramid Nağıyev və Baba Suleymanın saxlanılaraq günlərlə işgəncəyə məruz qalıblar. Dövlət Departamenti ölkədə ifadə azadlığının və medianın məhdudlaşdırıldığını, “azadliq.org”, “azadlıq.info”, “bastainfo.com”, “criminal.az”, “topxeber.az”, “fia.az”, “monitortv.info”, “xural.com”, “az24saat.org”, “anaxaber.az” və “arqument.az” kimi xəbər saytlarının il ərzində bloklandığını bildirib.
Beləliklə, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan hələ də insan hüquqlarının vəziyyətinə görə ciddi tənqidlərə məruz qalır.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, İlham Əliyevin iddiası yanlışdır.
Faktyoxla.info