Qənimət Zahid
«Azadlıq» qəzetinin ad günüdür. Ümumiyyətlə, dekabrın 24-ü Azərbaycanın yaxın tarixində, elə həm də bundan sonrakı tarixində, məhz, bu hadisə ilə fərqlidir və əlamətdardır.
«Azadlıq»- ölkə mətbuatının, ictimai fikrinin, vətəndaş cəmiyyətinin özgürlük indikatorudur. Bu parametrlər onun durumu ilə şərh olunub. «Azadlıq» üçün meydan nə qədər geniş olubsa, bütün başqa azadlıqların da durumu bir o qədər məqbul sayılıb.
İndi «Azadlıq» qəzeti yoxdur, azadlıqlar da yoxdur. «Azadlığ»ın saytı qədər azadlıqlar var.
Biz, əlbəttə, «Azadlıq» qəzetinin saytını yaşadırıq. Ölkə ərazisində bloklansa da, ona giriş imkanları məhdudlaşdırılsa da, bu saytı qoruyub saxlayırıq, həm də sadəcə, loqo kimi yox, azərbaycanlıların azadlıq təsəvvürlərinin közərən ocağı kimi saxlamağı özümüzə borc bilirik.
«Azadlıq» qəzetinin mətbəələrdən və köşklərdən yığışdırılması ölkəmizin insanlarının çöhrəsindən və davranışlarından insan azadlıqlarının həyat işartısı kimi yığışdırılması demək idi, sayt isə düşüncələrdəki azadlıq ideyaları kimi qalmalıdır.
Bu şəklə diqqət edin. Bu, «Azərbaycan» nəşriyyatının ən sonuncu qatında «Azadlıq» qəzetinin redaksiyasının işıqlarıdır. Bu boyda binada hamı sözünu deyib qurtarıb, sözünü qapadıb, çıxıb gedib, yalnız «Azadlıq» öz aktuallığını qoruyub saxlayır və bu şəkil həmin günlərdə çəkilib.
İndi şübhəsiz həmin o işıqlar da sönüb. Söndürülüb.
24 dekabr gününü isə bir müstəbidin, bir diktatorun doğum günü kimi ölkənin gündəminə alternativsiz təqvim hadisəsi kimi pərçimləmək istəyirlər.
«Azadlığ»ın hətta bir ideya olaraq varlığı da buna imkan verməyəcəkdir.
24 dekabr işıqla qaranlığın çarpışmasının rəmzi günü kimi görünə bilər sizə. Amma yalnız pessimistlər belə düşünə bilər.
Bu gün «Azadlıq»ın günüdür Azərbaycan təqvimində. Heç bir diktator, onun əshabəsi, çevrəsinə bərkitdiyi yaltaq sürüsü bu gününün simvolikasını oğurlaya bilməz.
Azadlığınız mübarək olsun !
- Rəngləri qəsdən qatılaşdırdım ki, bu təbrikə qoşulanların da birmənalı iradə sahibləri olduğu görüksün. İşığın zatında qaranlıq, azadlığın zatında istibdad inkar edilir.