AXCP sədri Əli Kərimli
Xalq olaraq bilməliyik ki, yeni qəbul edilən “media haqqında” qanun təkcə media, jurnalistlər üçün deyil, hamımız üçün təhlükədir, cəmiyyətin ağzını tamamilə qapatmaq cəhdidir. Bilirəm, bir çoxunuz fikirləşirsiniz ki, ölkədə azad media qalıbmı, indi də onu məhv etsinlər? Haqlısınız. Yeni qanuna qədər də Azərbaycanda azad mətbuat məhv edilib. Bu ölkədə bircə azad qəzet, televiziya, radio qalmayıb. Hətta müstəqil saytları da bloklayıblar. Ancaq onlayn medianın və ayrı-ayrı cəsur jurnalustlərin sayəsində ölkədə tənqidi həqiqətlər hələ də geniş yayılır. Azad medianın qalıqları belə kifayət edir ki, hakimiyyət ictimai rəyi uduzsun. Fakt budur ki, ölkə media azadlığı baxımından 163-cü yerdə olub, dünyanın ən qəddar rejimlərilə bir sırada dayansa da, hökumət hələ də ictimai rəyi istədiyi kimi idarə edə, həqiqətləri xalqdan gizlədə bilmir. Xalq bunların rüşvətxor, korrupsioner, saxtakar, yalançı və qəddar olduğunu bilir.
Yeni media qanunu məhz bu vəziyyəti dəyişmək, cəmiyyətin son nəfəsliyini də qapatmaq üçün düşünülüb. Hədəf onlayn media və hələ də qələmə sədaqətini qoruyub saxlamış jurnalistlərdir. Elə bir vəziyyət yaratmaq istəyirlər ki, daha bunların korrupsiya cinayətlərini yüzminlərə, milyonlara çatdırmaq mümkün olmasın. Elə şərait yaratmaq istəyirlər ki, sadə insanlar haradasa toplaşıb hətta əlillik müavinəti, pensiya, uşaq pulu kimi sosial problemindən danışanda da onların səsini cəmiyyətə çatdıracaq cəsur jurnalistlər qalmasın. Yeni qanuna jurnalistlərin vahid reyestrini müəyyənləşdirməyin salınması da buna xidmət edir. Bununla az sayda qalmış azad jurnalistləri sıradan çıxarmaq istəyirlər.
Ona görə də cəmiyyət olaraq azad medianın son qalıqlarını müdafiə etmək üçün səfərbər olmalıyıq. Sübut edək ki, söz azadlığımızdan heç vaxt vaz keçməyəcəyik. Sübut edək ki, azad medianı haqq edən, onu qorumaq üçün fədakarlıqlar etməyə hazır olan toplumuq.

Xalqın ağzını qapatmaq cəhdinə qarşı səfərbər olmalıyıq
•
•