Yeni parlament seçkisinə məxfi hazırlıq

Hakimiyyət proporsional sistemin bərpası ilə nəyə nail olmaq istəyir?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Bəzi məlumatlara görə hakimiyyət gələn ilin yazında ölkədə referendum keçirib, proporsional seçki sistemini bərpa etməyi planlaşdırır. Sonra da məlum məsələdir ki, yeni parlament seçkilərinin keçirilməsi məsələsi gündəmə gələcək.
2017 – ci ildən hakimiyyət mətbəxində müzakirə olunan bu ideyanı uzun müddət siyirmədə saxlanıldıqdan sonra, indiki mərhələdə onu gerçəkləşdirmək zərurəti nə ilə bağlı ola bilər?
Müxalifətin qanundan kənar elan olunduğu, ölkə parlamentinin partiyalarsız formalaşdırıldığı şəraitdə sistemin qaba avtoritar mahiyyətini heç cür gizlətmək mümkün deyil. Bunu pərdələmək üçün Prezident Adminnstarasiyasının bir şöbəsi səviyyəsində bəzi partiyalarla vaxtaşırı təşkil olunan görüşlərin nəzərdə tutulan effekti vermədiyi, artıq ən üst səviyyədə etiraf olunmaqdadır. Bu görüşdə iştirak edən partiyalara cəmiyyətiin ironik münasibəti “avtobus müxalifəti” yarlığı ilə bu “dialoq” tamaşasını iflasa uğratdı. Ona görə də, hakimiyyət öz çətiri altına yığdığı partiyaları bu dəfə Prezident Administrasiyasının şöbəsinə deyil, proporsional seçki əsasında formalaşacaq parlamentə gətirməklə, onların siyasi sistemdə rolunu artırmağa çalışır. Bununla da Parlamentdə ancaq Sahil Babayevdən narazılıq edə bilənlərin hesabına, real müxalifəti siyasi sistemin bir küncünə sıxışdırıb, ictimai diqqəti onlardan yayındırılacağlna ümid edilir. Hakimiyyət sosial şəbəkələrdə bu cür çərçivəli tənqidlə məşğul olan bəzi partiya sədrlərinin aldığı laykları görüb, bu prosesi parlament müstəvisinə keçirəcəyi halda, cəmiyyəti daha çox aldada biləcəyini düşünür.
Digər tərəfdən isə, hakimiyyət texnoloqları da gözəl bilirlər ki, ölkədə artmaqda olan narazılığı təkcə inzibati yolla boğmaq, önləmək uzun müddətə səmərəli olmaya bilər. Ona gör də, bu narazılığın küçə və meydanlara axmasını önləmək üçün onu “avtobus müxalifəti” vasitəsi ilə Milli Məclisə gətirib, parlamenti hakimiyyətlə cəmiyyət arasında təhlükəsizlik yastşğına çevirmək düşünülür.
Bu məsələnin başqa önəmli bir tərəfi də var. Hakimiyyət bu prosesdə parlamentə düşmək imkanlarını nisbətən genişləndirməklə, cəmiyyətin ictimai, siyasi aktiv kəsiminə dolayı yolla mesaj vermək istəyir ki, özünüzü “ağıllı” aparacağınız təqdirdə, parlamentə təyin olunmaq şansınız da var. Sosial narazılıqların artdığı bir şəraitdə, ictimai – siyasi fəalların bu cür ram edilməsi iqtidar üçün çox vacibdir.
Həm də, hakimiyyətdə hesab edirlər ki, tənqid və mübahisələrin olduğu belə bir parlamenti, Qərbə demokratiyaya tədricən keçid forması kimi təqdim edib, əlavə yeni vaxt udmaq mümkün olacaq. Bu zərurət ABŞ prezidenti Baydenin “Demokratiya sammitindən” və Almaniyada antirusiya mövqeli “Yaşıllar” və liberallardan ibarət koalisiyanın hakimiyyətə gəlməsindən, Türkiyədə Ərdoğan iqtidarının getdikcə zəifləməsindən sonra, daha da aktual hesab olunur.