AXCP sədri Əli Kərimli
İlham Əliyev düşünür ki, bu 20-30-50 manat müavinət, təqaüd, minimum əmək haqqı artımları ilə xalqı sakitləşdirib, yola verə biləcək? Bu aylıq artımlar bir həftəlik bahalaşmanı kompensasiya edir? Bəs işləyənlərin maaşları? Bəs milyonlarla işləməyənlər necə dolansın bu bahalaşma şəraitində? Bəs 2.6 milyon uşaq hansı pulla böyüdülsün? Bəs ortalama cəmi 16 manat pensiyası artmış təqaüdçülər təkcə bir ildə 42 faiz bahalaşmış dərmanlarını necə alsınlar?
Azərbaycanda nisbətən ciddi maaş, müavinət, pensiya artımı 2019-cu ilin 19 yanvar mitinqindən sonra olmuşdu. Ötən müddətdə ölkədə bahalaşma azı 50-60 faiz səviyyəsində olub. İndi də durub, aylıq dolanma xərcləri azı 50-60 faiz artmış insanların başını 20-50 manatlıq artımlara qatacaqlarını düşünürlər. Ola bilər ki, xalqımızın xeyli hissəsinin hələ də siyasətə qarışmaması hakimiyyəti cəsarətləndirir. Ola bilsin, xalqımızın Vətən, millət, Qarabağ mövzusuna həssaslığı İlham Əliyevi ümidləndirir ki, Şuşaya, Qarabağa ardıcıl səfərlərlə ac xalqın qarnını doyura bilər. Ancaq hakimiyyət bir şeyi gərək unutmasın – xalqımız xərci və borcunu yaxşı bilir. Son iki il yarımdakı bahalaşmanın müqabilində əhalinin cəmi 10-15 faizini əhatə edəcək 20-50 manatlıq artımların qəpik-quruş olduğunu yaxşı dərk edir. Kaş, xalqımız onu da biləydi ki, ölkədə təkcə siyasi deyil, həm də sosial-iqtisadi vəziyyətin düzəlməsi hamılıqla hüquqlarımıza sahib çıxmaqdan, ölkəmizdə xalq tərəfindən seçilən və dəyişdirilə bilən hakimiyyət qurmağımızdan keçir.