Məlumatda bildirilir ki, ibtidai istintaqı Baş prokuror xüsusi nəzarətə götürüb, ibtidai araşdırmaya prosessual rəhbərlik isə Baş prokurorun birinci müavininə tapşırılıb
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizlik Xidməti ( DTX) “Tərtər işi” ilə bağlı birgə məlumat yayıb
Məlumatda bildirilir ki, Azərbaycan Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun aylarında həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd davranışlara yol veriblər.
Vurğulandığına görə, onlar müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib, onlara fiziki, psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoyublar.
Qeyd olunur ki, həmin faktlarla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
Bildirildiyinə görə, məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum ediliblər:
“Zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Baş prokurorunun müvafiq sərəncamı ilə İşçi qrup yaradılmaqla qeyd olunan cinayət işləri Hərbi Prokurorluqdan tələb edilib ətraflı surətdə öyrənilib.”
Habelə qeyd edilir ki, hər bir qanunazidd əməlin baş vermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün dekabrın 16-da Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib.
O da bildirilir ki, ibtidai istintaqı Baş prokuror xüsusi nəzarətə götürüb, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli, peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb:
“Hazırda müvafiq istintaq-əməliyyat planları əsasında kompleks tədbirlər həyata keçirilir və istintaqın gedişi barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcək”- birgə açıqlamada deyilir.
Azadlıq radiosu