Mingəçevirdə 25 min mənimsəyən sabiq direktor hakim qarşısına çıxarılır


Keçmiş Bələdiyyə sədri və sabiq məktəb direktorundan sonra bu, son 3 ayda 3-cü belə faktdır


Mingəçevir şəhər Məşğulluq Mərkəzinin (Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq filialı – A.) sabiq direktoru Elçin Abdullayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, ibtidai istintaqla Elçin Abdullayevin qeyd olunan vəzifədə işləyərkən Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulmuş məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq 17 nəfər işsiz vətəndaş üçün dövlət büdcəsindən ayrılmış 86 min manat məbləğində vəsaitin faktiki olaraq 61 min manat hissəsini ödəyib qiymətlərin şişirdilməsi yolu ilə 25 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Elçin Abdullayevə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilib.
Qeyd edək ki, Məşğulluq Mərkəzinin sabiq direktoru Elçin Abdullayevlə bağlı cinayət işi Mingəçevir Bələdiyyəsinin eks-sədri Coşqun Abdullayev və şəhər 3 saylı tam orta məktəbin keçmiş direktoru Kəmalə Tahirovadan sonra son 3 ayda eyni ittihamla məhkəməyə göndərilən 3-cü belə faktdır.
Azər