Milli Şuranın sədri, professor Cəmil Həsənli
İdman korrupsiyası üzrə dünya çempionu olan İlham Əliyev “Qarabağ” klubunun üzvləri ilə görüş zamanı deyib ki, “idman siyasətdən ayrı olmalıdır. Bunu bir çoxları deyir, amma əfsuslar olsun ki, bir çoxları da bu prinsipi pozur. Çünki idmanı siyasiləşdirmək, idmandan siyasi alət kimi istifadə etmək, idman nailiyyətlərini siyasi müstəviyə keçirmək cəhdləri kifayət qədər çox olub”.
Birincisi idman Azərbaycanda əsas korrupsiyalaşmış sahədir və London mülkləri də daxil olmaqla gizli ofşor hesablarındakı “yatrımların” böyük bir hissəsi idman korrupsiyasının “məhsuludur”.
İkincisi, Azərbaycanda 30-a yaxın idman federasiyalarının demək olar ki, hamısının başından nazirlər, komitə sədrləri, ayrı-ayrı yüksək vəzifəli şəxslər dayanır. Məsələn, uzun müddət Cüdo Federasiyasına SOCAR prezidenti Rövnəq Abdullayev, Boks Federasiyasına Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Gimnastika Federasiyasına ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva, Ağır Atletika Federasiyasına “Azərbaycan Hava Yolları” Dövlət Konserninin (AZAL) prezidenti Cahangir Əsgərov, Atçılıq İdmanı Federasiyasına Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Tennis Federasiyasına Milli Məclisin keçmiş spikeri Oqtay Əsədov, Şahmat Federasiyasına Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov (bu siyahını uzatmaq da olar) rəhbərlik ediblər. Heç birisinin də qeyd edilən sahə üzrə hansısa idman göstəricisi yoxdur. Bu qədər nazir, komitə sədrlərinin idman federasiyalarına başçılıq etməsi idmanın siyasiləşdirilməsi deyil, bəs nədir.
Üçüncüsü, bir sıra idman federasiyasına başçılıq edən nazirlər, komitə sədrləri tabeçiliklərində olan idman federasiyasının idmançılarından yarımhərbiləşdirilmiş dəstələr yaradıb siyasi aksiyaların dağıdılması, mitinqçilərin döyülməsində onlardan muzdlu qüvvə kimi istifadə edirlər. Bəlkə bu da idmanın siyasiləşdirilməsi deyil?