AXCP sədri Əli Kərimli
Saleh Rüstəmlinin vəziyyəti bütün mənalarda və kəskin şəkildə pisləşib. Əvvəla, 34 günlük aclıq səhhətini çox pisləşdirib. 58 yaşlı, xeyli xəstəlikləri olan, son 3 il yarımı məhbəsdə keçirən adam 34 günlük aclıqdan sonra necə ola bilər? Özünüzü Saleh bəyin yerinə qoymağa çalışın.
Üstəlik, Saleh bəyin vəziyyəti pisləşən vaxtda hakimiyyət də onun saxlanma şəraitini pisləşdirib. Aclıq edən şəxs tək saxlanılmalıdır. Həm də ona görə ki, digər məhbusların yemək yeməyi aclıq edən məhbus üçün işgəncə olmasın. Saleh bəy də dünənə qədər otaqda tək saxlanılırdı. Dünən Saleh bəyin yanına başqa məhbus yerləşdiriblər ki, onun gündə 3 dəfə yemək yeməyi 34 gündür aclıq edən Saleh bəyin işgəncəsini daha da artırsın. Xalqımız bilməlidir ki, onu necə insafsız, başqalarının acılarından ləzzət alan adamlar idarə edir.
Nəhayət, dünən deputat Etibar Əliyevin daha öncə imzaladığı Saleh Rüstəmliyə azadlıq çağırışından imtina etməsi qətiyyən təsadüfi deyil. Aydındır ki, müvafiq instansiyalar ona izah edib ki, Saleh Rüstəmliyə azadlıq çağırışı etmək siyasi səhv olub, o da çağırışından imtina edib. Deməli, hakimiyyət nəinki “Saleh Rüstəmliyə azadlıq!” çağırışlarını eşitmir, hətta bu çağırışlardan ciddi şəkildə narahat olur.
İndi isə bütün bu baş verənləri bir yerdə bir daha analiz edin. Saleh bəyin səhhətinin daha da pisləşməsinə baxmayaraq hakimiyyətin ona münasibəti daha da sərtləşib. Xalqımız, Saleh bəyə azadlıq çağırışı etmiş yüzlərlə tanınmış ictimai-siyasi xadim, bu Qarabağ qəhrəmanının həyatına biganə olmayan hər bir şəxs onun azadlığı üçün daha artıq səy göstərməli, daha artıq fədakarlığa hazır olmalıdır. Belə getsə, Saleh bəyin həyatını itirməsi uzaqda deyil. “Mən ötən həftə Saleh bəyin azadlığa çıxması üçün çağırış etmişəm”, “bir neçə gün öncə və ya lap dünən mən bu barədə yazmışdım”, “filan çağırışı mən də imzalamışdım” deyib, vicdanımızı rahatlatmayaq. Saleh bəyin vəziyyəti daha da pisləşir və onu azad edən yoxdur. Tam əksinə, ona münasibət daha da qəddarlaşıb. Heç məhkəmə baxışının gününü belə təyin etmirlər. Ona görə də bu günahsız insanın, savaş qəhrəmanının, əli və vicdanı təmiz dövlət adamının xilası üçün xalq olaraq yeni bir səfərbərlik başlatmalıyıq. Hamımız yorulmadan və birlikdə, israrla Saleh Rüstəmliyə azadlıq tələb edək!