Əhalinin maddi vəziyyəti növbəti ildə daha da pisləşəcək

İqtisadçı Qaşqay İsmayıl

Hesablama Palatasının proqnozlarına əsasən, 2022-ci il üçün Dövlət Neft Fondunun gəlirləri 10 milyard 590 milyon manat, xərcləri isə 12 milyard 790 milyard manat olacaq və beləliklə, 2 milyard 200 milyon manat kəsir yaranacaq

Neft Fondunun tədricən boşaldılması və müəyyən müddətdən sonra Fondun aktivlərinin real vəziyyətinın üzə çıxacağı başqa mövzudur. İndi isə bu proqnozu ümumiyyətlə ölkə iqtisadiyyatının gələn illə bağlı proqnozu kimi başa düşə bilərik, çünki iqtisadiyyat birmənalı olaraq büdcədən, büdcə isə Neft Fondundan asılıdır

Neft Fondundan transfertlərin böyük həcmdə büdcəyə yönəldilməsi, gələn il də iqtisadiyyatda heç bir dəyişiklik olmayacağından xəbər verir. Hökumət nəyin bahasına olursa-olsun indiki staqnasiyanı, daha doğrusu, idarə olunan tənəzzülü qorumaqda maraqlıdır. Mövcud rejim hər hansı inkişaf proyekti həyata keçirə bilmədiyinə görə, yeganə marağı sosial-iqtisadi vəziyyəti nəzarətdə saxlamaq və beləliklə siyasi rejimin ömrünü uzatmaqdan ibarətdir

Bu iqtisadi kurs tədricən dərinləşməkdə olan böhran, işsizlik, yoxsulluq, pul gəlirlərinin azalması, vergi və rüsumların daha da artırlılmasını vəd edir. Üstəlik bütün bunlar qlobal miqyasda davam edən inflyasiyanın fonunda cərəyan edir. Odur ki, gələn il əhalinin maddi vəziyyəti daha da pisləşəcək və büdcədən qidalanmayan yoxsul təbəqə səfalət həddinə çatacaq

Qlobal miqyasda şiddətlənən inflyaisya və hasilatın azalması neft qiymətlərinin artımının müsbət nəticələrini də sıfıra endirdiyindən, Azərbaycanı 2022-ci ildə müsbət dəyişikliklər gözləmir