Kəlbəcər atəşə tutulub

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Kəlbəcər rayonunda mövqeləri atəşə tutulub.

Nazirliyin açıqlamasına görə, dekabrın 8-i saat 14.35-dən 15.30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan heç bir səbəb olmadan intensiv atəşə tutub.

Bildirildiyinə görə, buna qarşı adekvat cavab tədbirləri görülüb: “Azərbaycan ordusunun şəxsi heyət və texnika baxımından itkisi yoxdur”.

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Bundan əvvəl də tərəflərin atəşkəs pozuntuları ilə bağlı qarşılıqlı açıqlamaları olub. Onlar buna görə bir-birlərini günahlandırıblar. Hətta ölən və yaralanan hərbi qulluqçuların olduğu da bildirilib.