Mövcud siyasi-iqtisadi model sıradan çıxır

İqtisadçı Qaşqay İsmayıl

2022-ci ildən etibarən qeyri-neft və qeyri-dövlət sektorunda işəgötürənlərin və işçilərin icbari sığorta ödənişləri 1 faizdən 2 faizə qədər artırılır

Son illər ərzində davam edən artımların yalnız bir mənası var: dövlət indiyə qədər öz üzərinə götürdüyü öhdəlikləri icra edə bilmir. Mövcud siyasi-iqtisadi model sıradan çıxır. Lakin qeyd olunmalıdır ki, hakimiyyətin inidyə qədərki mövcudluğunun əsas səbəbi güc strukturları deyil, əhalinin bütün təbəqələrinin qarşılıqlı razılığı idi. Hökumət neft rentası hesabına əhalinin ödənişlərini öz üzərinə götürdüyü müddətdə bu razılıq davam edirdisə, indi neft rentası kifayət etmir, ölkənin gəlirləri təbii şəkildə azalır və hökumət tədricən üzərinə gətürdüyü öhdəliklərdən imtina etməyə məcbur olur

Belə bir situasiyada isə hökumət əhalinin gəlirlərini artırmaq üçün iqtisadiyyata azadlıqlar vermək barədə düşünmək belə istəmir. Halbuki indi yeganə çıxış yolu, biznesdəki monopoliyadan imtina etmək və bütün təbəqələrdən olan insanların kiçik və orta bizneslə məşğul olmalarına şərait yaratmaqdır. Milli gəliri yaradan mənbə, tükənməkdə olan neft gəlirləri deyil, orta və kiçik biznes olmalıdır. Məsələn, bu il Gürcüstanda iqtisadi artım 10 faiz həddində proqnoz edilir, bu rəqəm isə ilk növbədə biznesə sərbəstlik verilməsi hesabına əldə edilib

Azərbaycanda isə, hökumətin iqtisadiyyatla bağlı yeganə qayğısı büdcəni icra etmək, 3 milyon insanın büdcədən cüzi təminatını davam etdirmək və bu məqsədlə ölkədəki iqtisadi aktivliyi tamamilə məhv etməkdən ibarətdir. Bu iqtisadi kurs isə ancaq neft rentasının bol olduğu illərdə işləyə bilərdi.