Təhsil Kreditləri haqqında

Ekspert Rəşad Əliyev

Ali təhsil (daha doğrusu diplom) almaq üçün universitetlərə üz tutan tələbələrin böyük əksəriyyəti bunu məhz gələcəkdə daha yüksək maaşlı iş tapmaq ümidi ilə edir. Elə bu ümidlə də bir çox ailələr Azərbaycan üçün çox böyük hesab oluna biləcək maddi yükün altına girib 4-6 il ərzində övladlarının ali təhsil xərclərini ödəyir. Amma təəssüflər olsun ki, ölkənin mövcud reallıqlarında, ali təhsil diplomunu əlinə aldıqdan sonra tələbələrin çox böyük hissəsinin iş həyatı ümid etdikləri kimi alınmır. Bu gün ölkədə universitetlərdən məzun olmuş on minlərlə insan ya heç bir yerdə çalışmır, ya da oxuduğu ixtisasa heç bir aidiyyəti olmayan və çox aşağı kvalifikasiyalı işlərdə çalışır. Hətta bir çox hallarda elə işlərdə işləyirlər ki, o işi görə bilmək üçün 9-cu sinfi bitirmək də kifayətdir.

Ona görə də növbəti illərdə sırf dövlətin verdiyi təhsil kreditlərinin həvəsinə ali təhsil almağa can atacaq tələbələr və valideynlər çox diqqətli olmalıdır. Onlar nəzərə almalıdırlar ki, Azərbaycanda ali təhsilin keyfiyyəti bir çox hallarda çox-çox aşağı səviyyədədir və belə keyfiyyətsiz bir təhsilə görə götürəcəyiniz kredit sizin üçün illərlə daşımalı olacağınız böyük və lazımsız bir yükə çevrilə bilər. Keyfiyyətsiz, iş həyatında istifadə edə bilməcəyiniz bir təhsilə, heç bir dəyər ehtiva etməyən və diplom adlandırılan bir kağız parçasına görə kredit yükü altına girməyə dəyərmi? Universitetdə aldığınız ixtisasa heç bir aidiyyəti olmayan bir işdən gələcək qazancınızın böyük bir qismini bu kreditlərin ödənilməsinə sərf etməyə dəyərmi? Bu qərarı verməzdən əvvəl çox ciddi düşünmək lazımdır.

Amma vətəndaş da aldığı xidmət haqqında tam və mükəmməl məlumatlı olmaya bilər, yaxud rasional qərarlar və seçimlər etməyə bilər. Bu halda dövlətin, xüsusən də Təhsil Nazirliyinin üzərinə çox böyük məsuliyyət düşür. Təhsil Nazirliyi elə bir şərait yaratmalıdır ki, vətəndaş mümkün qədər düzgün qərarlar verə bilsin, məlumatsızlıq ucbatından gedib çox keyfiyyətsiz bir xidmətə görə kredit yükü altına girməsin və sair. Bunun üçün isə ilk növbədə Təhsil Nazirliyi bu gün ölkədə keyfiyyətsiz, hətta deyərdim biabırçı təhsil verən ali təhsil müəssisələrini və proqramlarını akkreditasiyadan keçirmək praktikasına ən qısa zamanda son qoymalıdır.