Rafiq Tağı haqda düşünərkən

Bir türk yazıçısı var, Orhan Pamuk haqda bir az hiddət və bir az da qısqanclıq hissi ilə deyirdi ki, kimdir axı Orhan Pamuk, onun hansı cümləsi kiminsə yadındadır, varmı elə bir adam? O sözü dediyi vaxt mən gülümsünmüşdüm, çünki məsələn mən idim “elə bir adam”. Uzun cümlələrlə yazır Pamuk, elə çox da hayıl-mayıl olduğum bir yazıçı olmasa da və elə də geniş oxumasam da onu, məsələn 15+ il əvvəl oxuduğum həm “Kar”, həm də “Mənim adım qırmızı” romanlarının həm ilk, həm də son cümlələrini əzbər bilirəm, oxuyanlar yəqin burda bir səbəb də görə bilər…

Indi Rafiq Tağı haqda düşünərkən, özümdən soruşdum ki, onun neçə cümləsini əzbər deyə bilərəm. Xatırladım, saydım,10-u keçdi. Rafiq bəy barədə bir dəfə “Unuda bilmədiyim 10 hekayə“ adlı xırdacıq bir yazı da yazmışdım. Indiki bu xırda FB postunun da adını “Unuda bilmədiyim 10 cümlə” qoya bilərdim.

Bəzən bu cür cümlələri ayırıb seçirlər yazıçının əsərləindən, hansısa fəlsəfi yüklü, aforizm tipli sitatları yığıb-dəstələyib bir youtube videomaterialı da hazırlayırlar; bu sitatlar dillərdə dolaşır, heç o əsərləri oxumayan adamlar bu sitatları bilir… Rafiq Tağıdan xatırladığım cümlələr isə, əksəriyyəti hansısa fəlsəfi yüklü cümlələr deyil. Aforizm filan heç deyil. Bunlar ən adi məişət cümlələridir. “Qoy onu da görüm, sonra çıxım gedim” – belə bir cümlə adamın yadında niyə qalsın? Amma xatırlayanda indi də ürəyim döyünür, həyəcənlanıram, qüssələnirəm. Rafiq Tağının dərin poetik kəşfləridir yadımda qalan, məni indi də təsirləndirən. O cümlə də o poeziya ile bağlı, necə ki, seirdən misra yadımızda qalır, o cür qalıb. Özü haqlı olaraq deyir ki, poeziyani kəşf etmək, yazmaq təkcə şairin işi deyil, nəsrin də bəlkə əsas vəzifəsi elə budur. Poetik olmayan nəsr şəxsən mənimçün, son illər, hiss edirəm ki, heç maraqlı da deyil.

Realist nəsr – bu da Rafiq bəyin nəsri barədə tez-tez işlədilən başqa bir xarakteristika, təyinatdir. Bir yaxşı tənqidçi vardı, bizim yazarların realizmini tənqid edirdi, realist yazar sadəcə gerçəkliyin (reallığın) istehlakçısıdır, deyirdi. Ətrafda 100 realliq var, onun birini yazdım (istehlak etdim) qaldı 99-u, birini də yazdım, qaldı 98-i və s. Bu baxışdakı qüsur odur ki, realist yazar reallığı təkcə yazmır, həm də yaradır! Bəzən isə hansısa pərdəni aralayıb reallığı göstərir oxucuya (“Tapdaqıstan. Laplandiya”). Bəzən də araladığı o pərdə zamanın özüdür! “Qatilə didaktika dərsləri”– yaxın gələcəkdəki dəhşətli reallığı görmək, onu yazmaq! Hansısa fantastika yazarı kimi deyil – 100 il bundan sonranı görməyə nə var ki, əsl hünər 100 gün sonranı görmək, göstərməkdir!

Unudulmaz xarakter yaratmaq – süjetsiz, xaraktersiz nəsrin dəbə mindiyi bir vaxtda mən indi də bunu nəsr üçün çox güclü bir komponent sayıram. Rafiq Tağının unuda bilmədiyim xarakterləri – bunların da sayı 10-u keçər.

Aşağıdakı parçanı isə, düzdür kitaba baxıb yazdım, amma az qala bütünlüklə əzbər bilirəm. 1988-ci ilin hekayəsi. “Coğrafiya şairi” adlı bir hekayənin sonu:

Ömür boyu Fərrux müəllim radionun insan orqanizminə faydalı verilişlərinə qulaq asmışdı. Hər səhər xalça üstündə radionun müşayiəti ilə idman eləyirdi. Elə ona görə də arıq da olsa bədəni “siçan əzələləri” ilə doluydu. Konsertlərin də ki, xoş bioloji təsiri hamıya məlumdur.
Axır vaxtlar İranı tutub azanlara qulaq asardı. Azan vaxtı radionun səsini alçaldardı ki, eşidənlərin nəzərində gözdən düşməsin. Azanı xoşlamağını heç özü də bir yana yozub çıxarda bilmirdi. Bəlkə onu da müalicəliyinə görə xoşlayır – başqa nə səbəb ola bilər!
Gəl ki, məscid üçün də ürəyi axırdı. Ancaq orda kecmiş düşmənləri otururudu. Hərçənd xəritədə Moskvanı tanımayan Ələm şagirdi olmuşdu, özünə söz verirdi, əgər hamı kimi məscidə getsə, bir də onun sovet balası olmağına cəhd göstərməzdi. Daha onu Mir-Ələm çağırmağa razıydı. Əcəb ərəb dilini də biləsən, satışda Quran ola, alıb oxuyasan!
İdman sayəsində bir xəstəliyi yoxdusa da, get-gedə İran radiosunun azanlarından anlayırdı ki, ömür gec-tez qurtarasıdır. Yuxusu qaçan gecələr o dünyanın şəkilləri kimi hər gün gəlib özünü Fərrux müəllimə göstərirdi: o dünya gah ulduzlu-aylı olurdu, gah da kömür kimi qara…

Azər Əhmədov