Hamı Saleh Rüstəmlinin müdafiəsinə qoşulmalıdır

Hüquq müdafiəçisi Anar Məmmədli

Siyasi məhbus Saleh Rüstəmli haqsız həbsinə etiraz olaraq 19 gündür aclıq aksiyası keçirir. Ona qarşı siyasi ittihamın əsas səbəbi Xalq Cəbhəsi Partiyası və siyasi məhbus ailələrinə maddi yardım göstərməsidi. Tutaq ki, o həqiqətən də bu partiya və onun tərəfdarlarına ianə verib. Axı, burada cinayət əməli yoxdur. Heç kim hansısa siyasi partiyanı müdafiə etdiyinə, maddi dəstək göstərdiyinə görə təqiblərə və qanunsuz həbsə məruz qala bilməz.

Saleh Rüstəmli müdafiə olunarkən onun keçmişdəki xidmətləri sadalanır – döyüşçü olması, Gədəbəyin icra başçısı kimi torpaqların müdafiəsində fəal iştirakı və s. Məncə bu xidmətləri sadalamağa o zaman lüzum olardı ki, o həqiqətən cinayət törətmiş olsun və məhkəməyə onun keçmişdəki müsbət əməllərini yüngülləşdirici hal kimi təqdim olunsun. Amma heç bir cinayət törətməmiş və məhkəmədə cinayəti sübut olunmamış şəxsin müdafiəsində onun tərcümeyi-halına istinad etməyə ehtiyac yoxdur. O günahsızdır və ölkədə dayanmadan çalışan siyasi repressiya maşının qurbanıdır.

Azərbaycanda demokratik institutları, siyasi hüquqlar və siyasi iştirak haqqını tanıyan və arzulayan hər kəs Saleh Rüstəmlinin müdafiəsinə qoşulmalıdı. Buraya ölkədə fəaliyyət göstərən siyasi partiyalar və qruplar, ictimai birliklər, diplomatik korpuslar və beynəlxalq təşkilatlar daxildir. Əks təqdirdə Saleh Rüstəmlinin siyasi motivli həbsinə susqun qalan yerli və beynəlxalq qurumların ölkəmizdə demokratik islahatlarla bağlı xoş niyyəti və səmimiyyəti şübhə doğuracaq.

Siyasi repressiyaları dayandırın!