Repressiyalar xalqa hansı mesajı verir?

İlham Hüseyn

28 il hakimiyyəti zəbt edəsən, gecə-gündüz rəqiblərini güdəsən, axırda da heç bir mənfi hal tapmayıb, şərləməyə məcbur qalasan.
Siyasi məhbus məsələsinin ən böyük mesajı Azərbaycan xalqına ünvanlanıb. Bəli, bu gün mübarizənin önündə olan adamlar o qədər təmiz, prinsipial, şəffaf həyat sürüblər ki, hakimiyyət onları şərləməkdən başqa çıxış yolu tapmır. Əgər bu adamlar həqiqi cinayətkar olsaydılar, onların məhkəmələrini AzTv-də canlı verərdilər. Bugünə qədər həbs olunmuş, şər-böhtan kampaniyasına tuş gəlmiş adamların hamısının günahsız olduğu sübuta yetirilib. Amma hökumət düşərgəsində elə bir şəxs yoxdur ki, ictimai rəydə təmiz adam kimi qəbul edilsin. Faktiki olaraq, oğrularla doğruların savaşı gedir.
Bir daha təkrar yazıram ki, siyasi məhbuslar hökumətin acizliyinin, qorxaqlığının, oğurluğunun etirafıdır. Eyni zamanda müxalifətin 28 illik şər labirintindən diri çıxmasının göstəricisidir. Salehlər, Niyaməddinlər, Aqillər, Əlzaminlər, Paşalar və digər şərlənmişlər güzgüdür, göstəricidir, hökumətin mahiyyətini üzə çıxaran rentgendir.
Əgər Saleh Rüstəmli cinayətkar olsaydı, biz onu müdafiə etməyə utanardıq. Əgər Niyaməddin terrorçu olsaydı, biz ondan imtina edərdik. Əgər Aqil kimisə qətlə yetirsəydi, biz onun fotosunu paylaşmazdıq. Amma biz onlarla qürur duyuruq, onlara qəhrəman kimi baxırıq. Həm mübarizələrinə görə, həm də hökumətin haqsız və şərbaz olduğunu öz nümunələrində təsdiqlədikləri üçün qəhrəmandılar.
Azərbaycan xalqı başverənlərdən düzgün nəticə çıxarmalı və “bundan sonra gələn necə olacaq” sualına, səngərini tərk etməyən mübarizlərin nümunəsində cavab tapmalıdır.