Mingəçevirin icra başçısı İlham İsmayılovun oğlu avtoqəza törədib


“Toxunulmazlar” kastasından olduğu üçün qəza ictimaiyyətdən gizlədilib


Azərbaycanda avtoxuliqanlıq edən, yüksək sürətə görə qəza törədən, digər harın hərəkətləri ilə diqqət mərkəzinə gələn məmur övladları çoxdur. Yerli media zaman-zaman “məmur övladlarının” səbəbkarı olduğu yol qəzalarından yazıb.
Növbəti belə bir xəbər Mingəçevirdən gəlib. Belə ki, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun kiçik oğlu Orxan İsmayılovun avtomobil qəzası törətdiyinə dair xəbərlər yayılıb.
Qeyd olunur ki, icra başçısının oğlu Orxan İsmayılov özünə ad günü keçirdiyi gün axşam saatlarında idarə etdiyi “CEEP” markalı avtomaşınla qəza törədib. Belə ki, icra başçısının oğlu öz maşını ilə “Mercedes” markalı, “AZ 10-RN-441” dövlət nömrə nişanlı maşını qabaq hissəsindən vuraraq səkiyə atıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü Ruslan Əliyevin qolu sınıb.
Məlumatda bildirilir ki, qəzanın ardından Orxan atası İlham İsmayılova xəbər verib. İcra başçısının göstərişilə avtomobil hadisə yerindən aparılıb. Qəzada xəsarət alan R.Əliyevə isə yeni maşın alınacağı vədilə müəyyən məbləğdə pul verildiyi, onun Gəncə şəhərinə müalicəyə aparıldığı iddia olunur. R.Əliyevin sınıq xəsarətinin müalicəsinə ölkənin tanınmış travmotoloq-cərrahlarından birinin cəlb edildiyi də gələn məlumatlar arasındadır. İcra başçısının göstəriyilə hadisənin ictimaiyyətdən gizlədildiyi və yerli polis araşdırmasından yayındırıldığı, yumşaldıldığı da bildirilir.
Yeri gəlmişkən, hadisədən qısa bir müddət sonra Mingəçevir şəhər Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Cəmşid Abbasov vəzifəsindən azad edilib. Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, C.Abbasov təqaüdə göndərilib.
Bu əmrin təsadüf olduğunu və baş vermiş hadisəylə hər hansı bir bağlılığının olub-olmadığını deyə bilmərik, ancaq fakt faktlığında qalır.
Xatırladaq ki, icra başçısının oğlunun avtoxuliqanlığı haqda ötən ilin iyununda da mətbuatda informasiya getmişdi. Belə ki, O.İsmayılov 2020-ci ilin yayında idarə etdiyi “AZ 45-710” dövlət nömrə nişanlı avtomobillə Mingəçevir şəhər icra hakimiyyəti tərəfdən hərəkətdə olarkən teatr binası istiqamətində dönüb giriş qadağasını pozmuş, bununla bağlı bir ailənin haqlı narazılığını qəbul etməyərək həmin şəxslərlə insident yaşamışdı.
Fakta Mingəçevir şəhər İcra Hakimiyyətindən mövqe öyrənmək cəhdlərimiz uğursuzluqla nəticələnib.


Azər