AXCP sədri Əli Kərimli
İlham Əliyev Aqil Hümbətovu maksimum həddə cəzalandırdı. ASAN məhkəmə Aqil bəyi 10 il müddətinə azadlıqdan məhrum etdi. Xatırladım ki, prokuror özü də bu qurama ittiham əsasında Aqil bəyə 10 il müddətinə azadlıqdan məhrum etmə tələb etmişdi. Yəni məhkəmə heç hansısa hüquqi formallığa da əməl etməyib. Hətta Aqil Hümbətov gerçək bir cinayətkar olsaydı belə, məhkəmə cəza təyin edən zaman onun himayəsində 3 azyaşlı uşağın olmasını, 1-ci dəfə məhkum edilməsini və digər yüngülləşdirici cəhətləri nəzərə alıb, prokurorun tələb etdiyindən az cəza təyin etməli idi. Məni səhv başa düşməyin, Aqil bəyin cəzasının bir neçə il az olmasının söhbətini etmirəm. Aqil Hümbətov heç bir cinayət törətməyib, onun üçün hətta 6 aylıq cəza da qanunsuzdur. Üstəlik, Aqil Hümbətovun 10 il müddətində həbsdə qalmayacağına da əminəm. Sizin diqqətinizi hakimiyyətin nə qədər amansız, insafsız olmasına cəlb edirəm. Əslində heç hökumət özü də bu keyfiyyətini gizlətmir. İstəyir ki, toplum onun qəddar, amansız olduğunu görüb qorxsun ondan. Yəqin ki, belə sərt cəzalarla bu məqsədinə qismən də olsa, nail olur. Ancaq belə qəddar hərəkətlər təkcə qorxu yaratmır, həm də nifrət yaradır. Toplum onu da görür ki, ölkədə məhkəmə hakimiyyəti tam olaraq məhv edilib. Cəmiyyət görür ki, bu ölkədə hüquq da, ədalət də ayaqlar altında tapdalanır. Haqqını tələb edənlərə divan tutulur. Toplum gözlərilə görür ki, hakimiyyət öz hikkəsinə görə 3 günahsız körpəni – 3 gələcək əsgəri gözünü də qırpmadan aclığa, çarəsizliyə təslim edir. Hakimiyyəti bu ölkənin uşağı, qadını, qocası, bir sözlə insanı yox, yalnız sərvətləri maraqlandırır. Belə hakimiyyət isə acı məğlubiyyətə məhkumdur. Məsələ zaman məsələsidir. Aqil bəyə, Saleh bəyə, Niyaməddin bəyə və bütün siyasi məhbuslara azadlıq tələb edirik.