“Azadlıq” 3 il öncə yazmışdı…


…Mingəçevir şəhər prokurorluğunun yadına indi düşüb


Sabiq məktəb direktoru sabiq Bələdiyyə sədrindən nələri öyrənməlidir?


Söz vaxtına çəkər. 3 il öncə bu vədələr Mingəçevirdə fəaliyyət göstərən 3 saylı tam orta məktəbin faktiki olaraq başsız qaldığı, direktor Kəmalə Tahirovanın 2017-ci dərs ilindən işə çıxmadığı barədə yazı dərc etmişdik. K.Tahirova barəsində işində yol verdiyi nöqsanlara və rüşvət faktına görə prokurorluqda araşdırma aparılması, uzunmüddətli məzuniyyətə çıxması və xəstəliklə əlaqədar bülletendə olması səslənən versiyalar sırasındaydı.
O zaman məsələylə bağlı sorğumuza Mingəçevir şəhər Təhsil şöbəsindən “Kəmalə müəllim xəstədir, xəstəliyi ilə bağlı lazımi sənədləri də Təhsil Nazirliyinə təqdim edib” deməklə kifayətlənmişdilər.
Yeri gəlmişkən, TŞ-nin sabiq müdiri Sahib Məmmədovun (ötən ilin oktyabrında vəzifəsindən azad olunan S.Məmmədov hazırda MDU-da dərs deyir – A.) sevimli kadrı və keçmiş həmkarı olan K.Tahirovanın (S.Məmmədov Mingəçevir Texniki Humanitar Liseyə rəhbərlik edərkən K.Tahirova onun müavini olub, Məmmədov TŞ-nə müdir keçəndən sonra Tahirovanın 3 saylı məktəbə direktor təyin edilməsinə yardımçı olub – A.) adı daim müxtəlif qalmaqallarda hallanıb. Onun rəhbərlik etdiyi məktəb həmin məktəb idi ki, ölkə təhsilində “inqilab” sayıla biləcək unikal bir “yeniliyə” “imza” atmışdı. Belə ki, hər dərs ilinin sonunda valideynlərə övladlarının növbəti dərs ilində 1-ci növbədə təhsil almaları üçün məktəb rəhbərliyinə müəyyən məbləğdə vəsait ödəməsinə dair təklif irəli sürülürdü. Səhər növbəsində təhsil almaq istəyən bir sinif üçün 200-250 manat civarında haqq müəyyənləşdirilmişdi.
Biz, uzun araşdırmaların nəticəsi olaraq K.Tahirovanın sorağını öncə Mingəçevir şəhər Məhkəməsindən, daha sonra Şəki Apellyasiya Məhkəməsindən almışdıq. Buna xanım direktorun (işə çıxmadığı halda) bir işçisiylə məhkəmə çəkişməsi səbəb olmuşdu (Yeri gəlmişkən, Ali Məhkəməyədək gedib çıxan həmin prosesdə uduzan tərəf məhz K.Tahirova olmuşdu – A.).
Nəhayət, bu günlərdə məlum olub ki, Mingəçevir şəhər 3 saylı tam orta məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla məktəbin sabiq direktoru K.Tahirovanın direktor vəzifəsini icra etdiyi 2013-2019-cu illər ərzində məktəbin xadiməsi vəzifəsində işləyən şəxsin müntəzəm olaraq işə davamiyyəti olmadığı halda ona ümumilikdə 5 min manat məbləğində əməkhaqqı hesablanıb ödənilməsinə şərait yaratmasına, dərsdənkənar, fakultativ məşğələ qrupları təşkil olunarkən şagirdlərin say həddini gözləməyərək artıq məşğələ saatları tarifləşdirməsinə, həmçinin fakultativ məşğələ saatlarını rəsmiləşdirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Maraqlıdır, “Azadlıq”ın 3 il öncə sabiq direktorun qanunsuz əməlləri barədə yazdıqlarına Mingəçevir şəhər Prokurorluğu nədən bu gün reaksiya verir? Bu 3 ildə prokurorluq hara baxırdı?
Yeri gəlmişkən, bu yaxınlarda Mingəçevir Bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayev barəsində də şəhər prokurorluğunda 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə cinayət işi başlanmışdı. Mingəçevir şəhəri və onun yerli özünüidarəetmə orqanına külli miqdarda ziyan vurmuş C.Abdullayevin yekunda məhkəmənin qərarıyla 4 000 manat (?) cərimə ilə yaxasını həbsdən qurtardığını nəzərə alsaq K.Tahirovanı hansı “cəza” gözlədiyini təxmin etmək elə də çətin olmaz.
Başqa sözlə, sabiq məktəb direktorunun dəmir barmaqlıqlardan cəriməylə qurtulmaq üçün sabiq Bələdiyyə sədrindən öyrənəcəyi çox şey var. Hər halda, Kəmalə Tahirovanın əməlləri Coşqun Abdullayevin elədikləriylə müqayisədə “toya getməlidir”.
Azər