DTX-NIN QARA MASKA ƏMƏLİYYATI VƏ YA “TƏKMƏ CÜT” OYUNU KİMƏ GƏRƏKDİR?

Qənimət Zahid


Günün günorta olmayan çağında Bakının ortasında bir partiya sədrini və bir jurnalisti həbs etmək üçün DTX-nın xüsusi əməliyyat qrupunu göndərməyə nə ehtiyac var?
Əslində, hətta icra başçılarını da həbs etmək üçün qara maskalı əməliyyat qrupunu göndərmək korrupsiyaya qarşı mübarizədən daha çox diktatorun dişlərini göstərmək üçün təşkil edilən məzəsiz şou proqrama bənzəyirdi. Haqlı olaraq cəmiyyətdə bu “qara maskalı” əməliyyatlara ironiya ilə yanaşanlar çoxdur.
Bir partiya sədrinə qarşı belə əməliyyatın keçirilməsi isə ümumiyyətlə, düşüklükdür. Amma deyəsən, yalnız düşüklük deyil.
Bu, əlbəttə, inzibati yox, siyasi qərardır. İnzibati qərar o halda ola bilərdi ki, Əli Əliyevi DTX müstəntiqləri hansısa cinayət işi ilə bağlı istintaqa dəvət edəydilər (yaxud da,əməliyyat məqsədli soruşdurma üçün), adam bu çağırışlara məhəl qoymayaraq getməyəydi, bu hal bir neçə dəfə təkrar ediləndən sonra DTX əməliyyatçılarını da deyil, bir əməliyyatçısını və ya müstəntiqini göndərib onu Xidmətin inzibati binasına aparardı.
Çağırış olmayıb, olsaydı, partiya sədri bu barədə xəbəri açıqlayardı. Yaxud, maskalı əməliyyatın növbəti hədəfi olan jurnalist bu məlumatı açıqlayardı.
Birdən- birə DTX- da kiminsə kefi bulandı, əmr verdi ki, gedin Əli Əliyevi (və ya hər hansı başqa partiya sədrini, jurnalisti, ictimai fəalı, ictimai passivi,.. dəxli yoxdur) tutun gətirin, söhbət edək buraxaq getsin, eləmi? Ola bilərmi belə bir nəsnə?
Təəssüf ki, Əli Əliyev və Elçin Rəhimzadə bu maskalı əməliyatın səbəbləri barədə ətraflı məlumat yaymayıblar, ola bilər, bu o qədər də önəmli deyil. Amma bildiyim bir nəsnə var ki, DTX bu əməliyyatı inzibati məqsədlər üçün həyata keçirməyib, aşkar görünən, ağ sapla qara parçaya atılmış tikiş kimi aydın müşahidə olunan əyri siyasi niyyət var bu əməlin arxasında.
Nədən ibarətdir bu əyri siyasi niyyət, onu da rəsmi açıqlamalardan sonra bilərik yəqin ki… Hərçənd, rəsmi açıqlamanın olacağını gözləmirəm də.