AXCP sədri Əli Kərimli
Kütləvi, ardıcıl bahalaşma, qiymət artımları xalqımızın belini büküb. Milyonlarla insan yarıac vəziyyətə gəlib çıxıb. Bəs bahalaşmadan qazanan kimlərdir? Əlbəttə ki, kiçik bir qrup monopolist, korrupsioner, oğru. Bu peşəkar oğrular işlərini elə qurublar ki, həm Azərbaycanın ixrac, həm də idxal etdiyi malların qiymətinin artmasından qazanırlar.
Bu ilin 9 ayında Azərbaycan 14.6 milyard dollar dəyərində mal ixrac edib. Satdığımız malların qiyməti ötən illə müqayisədə 42 faiz artıb.
Bu ilin 9 aylıq ixracatındakı bahalaşmadan 4.3 milyard dollar gəlir götürülüb. Bunun da 96 faizi neft-qaz sektorunun payına düşür.
Beləliklə, təkcə neft və qazın qiymətinin artmasından cəmi 9 ayda ölkənin qazancı 7.3 milyard manat artıb. Ancaq biz öz həyatımızda nə görürük? Ardıcıl qiymət artımları. Dövlət rüsumlarının, aksizlərin, vergilərin artırılmasını görürük. Deməli ölkəyə gələn əlavə milyardların bu xalqa dəxli yoxdur.
Ancaq bu da hamısı deyil. Mafiya idxaldan da böyük miqdarda pullar qazanır. Bütün bu faktları AXCP İqtisadiyyat Komissiyasının sədri, iqtisadçı alim Nemət Əliyev detallı şəkildə faktlarla analiz edib. Nemət bəyin yazısı ilə şərh bölümündə tanış olarsız. Ancaq mən burada ümumiləşdib yazım ki, Azərbaycanın mal aldığı ölkələrdə bahalaşma 5-6 faiz olduğu halda idxal etdiyimiz 8.3 milyard dollarlıq malın qiyməti bizim üçün 21.7 faiz artıb. Başqa sözlə, məlum dəstə idxaldakı qiymət artımından da 1 milyard dollar qazanıb. Beləliklə, bu ilin ilk 9 ayında yalnız ixrac və idxaldakı bahalaşmadan 5.3 milyard dollar və ya 9 milyard manat qazanılıb. Qazanan biz xalq olmadığımıza görə, şübhə yoxdur ki, bu milyardları da “uğurlu sahibkarlar” qazanıb.