Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
“Pul yoxdur, gəlirlərimiz azalıb, ona görə də qiymətləri bahalaşdırırıq” kimi izahat verənlərin ünvanına: ixrac və idxal mallarının bahalaşmasından 9 aya 9 milyard manat xalis gəlir götürülüb.
2021-ci ilin yanvar-sentyabr dövründə Azərbaycan 14,6 milyard dollar mal ixracı həyata keçirib. Bahalaşma faizi 41,9%-dir (rəsmi). Deməli, ixrac etdiyimiz malların bahalaşmasından 4,3 milyard dollar xalis gəlir götürülüb. Bu qədər gəlirin vur-tut 4 faizi və ya 172 milyon dolları qeyri-neft mallarının hesabınadır. Qalan 96 faiz neft-qaz sektoruna aid malların bahalaşmasından əmələ gəlib. Ölkədaxili topdansatış qiymətlərlə maya dəyəri göstəricisi arasındakı fərqdən yaranan mənfəət buraya daxil deyil. 9 aylıq bahalaşmadan götürülən gəlirlər 2020-ci ilin ixracı üzrə yaranmış bütün itkilərin hamısını, demək olar ki, kompensasiya edib (2020-ci ildə Azərbaycanın ixrac gəlirləri 4,3 milyard dollar azalmışdı).
İdxal etdiyimiz malların bahalaşmasından da Azərbaycan böyük gəlirlər əldə edib. Statistika və Gömrük Komitələrinin açıqladıqları məlumatlara görə cari ilin 9 ayında 8,3 milyard dollar həcmində mal idxal həyata keçirilib və bu mallar 21,7% bahalaşıb (rəsmi). Bahalaşma məbləği 1,5 milyard dollardır. Azərbaycanın mal aldığı ölkələrdə 5-6% bahalaşma olmasını nəzərə alıb hesablasaq, 1,5 milyarddan 1 milyardın Azərbaycana qaldığı məlum olar.
Cari ilin 9 aylıq xarici ticarətindən yalnız bahalaşma yoluyla üst-üstə 5,3 milyard dollar və ya 9 milyard manat xalis gəlir götürülüb. Ölkə daxilindəki sosial və iqtisadi zərərləri qarşılamaq üçün çox iri maliyyə mənbəyidir. Odur ki, hazırkı sürətli bahalaşamanı gəlirlərin azalması ilə izah etmək absurddur.