Azərbaycan vətəndaşına qaz Gürcüstandan baha satılır

Milli Şuranın sədri, professor Cəmil Həsənli

İlham Əliyevin qaz siyasəti milləti qaz kimi yolmaqdan keçir. Yalnız 2021-ci il ərzində Azərbaycanda qazın qiyməti 50 faiz artırılıb. Sonuncu artım ötən oktyabr ayında oldu. Həm də nəzərə alınsa ki, ölkənin neft sektorunda çalışan Beynəlxalq Əməliyyat Şirkəti səmt qazını Azərbaycana pulsuz verir, onda Əliyev hökumətinin qaz vurub qazan doldurması daha da aydın olar.

Vaxtı ilə BƏŞ tərəfindən Azərbaycana verilən səmt qazının daşınma və digər xərcləri cəmisi 7 dollar təşkil etdiyi halda, sonrakı korrupsiya şişirtmələri ilə qazın maya dəyərini 10-12 dəfə qaldıra bildilər. Hətta bu halda belə BP-dən havayı alınan qazı Əliyev öz xalqına qonşu Gürcüstana satdığından 1,6 dəfə baha satır. Bunu ölkənin ən tanınmış iqtisadçısı, ADR partiyasının sədri professor Gubad İbadoğlu əyani şəkildə ortaya qoydu. Gubad bəyin hesablamalarına görə Əliyevlər dədə malına çevirdikləri qazın hər 1000 kub metrini Azərbaycan xalqına 147,7 dollara, Gürcüstana isə 92,3 dollara satır. Diqqət edin, arada 55,4 dollar fərq var. Əgər biz qazın nəql edilmə xərclərini də bura əlavə etsək bu xərc daha da artar. Məhz bu fərqin hesabına İlham Əliyev Gürcüstandakı müxalif, bloger, rejim tənqidçisi olan Azərbaycan vətəndaşlarının başına torba keçirib Azərbaycana gətirə bilir, “sərhəd pozucusu, para qaçaqmalçısı” kimi mühakimə edə bilir.

Yeri gəlmişkən Gubad bəyin hazırladığı cədvəldə Bolqarıstana qazın hər kub metrinin 153 dollara, Türkiyəyə isə 154 dollara satıldığı qeyd edilir, əgər qazın bu ölkələrə nəql edilmə xərcləri satış qiymətindən çıxılsa yenə bu ölkələrə də qaz Azərbaycan vətəndaşlarına satıldığından ucuz satılır. 44 günlük müharibədə tarixi qələbənin müəllifi olan xalq bax belə cəzalandırılır. Qiymətlər artdıqca bahalı London mülklərinin sayı da artır. Ona görə də Əliyevlərin korrupsioner, kleptokratik, kriminal anti-milli rejiminin qazını almaq millətin öz haqqını üçün ayaqda olmasından keçir.