Tanınmış jurnalist Çingiz Sultansoy
Hörmətli Nailə xanım Исламзаде, bir-birimizi çoxdam tanıyırıq, hələ 1990-cı illərdə işlədiyimiz AzTV-dən. Hörmətimiz qarşılıqlıdır, ümid edirəm. Mən Çingiz Abdullyevə bir Facebook postuna görə söyənlərin, təhqir, hücum edənlərin, siz demiş, daş atanların əleyhinəyəm, pisləyirəm. Amma onu tənqid edənlər, üstünə gələnlərin bir qismi tək suya görə danışmırlar axı. Burada daha dərin məqamlar, mətləblər var…
Çingiz Abdullayevin romanlarını oxumuşam. Təbii, hamısını yox, pərəstişkarı da olmuşam, şəxsən tanışam, avtoqrafını almışam, müsahibə də almışam, onu müdafiə də etmişəm zamanında əsassız tənqiddən, ittihamlardan. Məsələn, “Realnıy Azerbaycan” qəzetində Seymur Baycanın onu haqsız tənqid edən və tərcüməsi çapa hazırlanan yazısının tənqid eləmişəm, rusca getməyib, və ya TV-də çıxış eləmişəm, fikirlərimi demişəm. “Düşünək” deyirsiniz. Gəlin düşünək
“..bir çoxları kimi, özünü cəmiyyətdə baş verən hadisələrdən uzaq tutmur, qaçıb gizlənmir”, -deyirsiniz. Sizdən soruşmaq istəyirəm – Çingiz müəllim özünü cəmiyyətdə baş verən hansı önəmli və ağrılı hadisələrdən uzaq tutmayıb? Bəlkə mən bilmirəm? Siz agah edin.
Seçki saxtakarlıqlarından haçan, nə deyib? Tərtərdə baş verən işgəncələr, qazilərin vəhşicəsinə öldürülməsi barədə nə deyib? Uşaqpulu problemi haqqında nə deyib?
Ya Bakıda günahsız insanların həbsi, şərlənməsi, işgəncə verilməsi barədə nəsə deyib? Məsələn, Tofiq Yaqublu kimi həbs olunan Qarabağ qazisinin taleyilə, ya indiyəcən həbsdə yatan Saleh Rüstəmli kimi qazinin taleyilə maraqlanıb? Belə şərlənənlər iki deyil, iyirmi deyil, iki yüz deyil…
Çingiz müəllim 20 il əvvəl korrupsiyanı tənqid edirdi, “belə yaşamaq olmaz” deyirdi “Зеркало” qəzetində. İndi, korrupsiya, ədalətsizlik bir belə artandan sonra yenə deyirmi? Bu halın əsil səbəbi haqqında sual verirmi? Heç olmasa özü özünə sual verirmi? (Londonda 700 milyon dollarlıq mülkiyyətin hansı pula alınmasıyla maraqlanıb? Bu ağır sualdı, hələ bir yana qalsın…)
Hüquq müdafiəçisi Oktay Gülalıyevə edilən qəsd, maşın vurması, həkimlərin çox müəmmalı, şübhəli və suallar doğuran fəaliyyəti və fəaliyyətsizliyi… Sağlam, ömrü boyu sadə insanlara, xalqına xidmət edən Oktay bəyin ölümcül vəziyyətinə gətirilməsi haqqında nəsə deyib? Oktay bəy kimi işıqlı, təmiz, müqəddəs adamın acı taleyilə maraqlanb? Axı bu acı tale Allahın işi deyil, insan, daha doğrusu insan cildində iblislərin əməlidir.
Həmkarım, dostum, redaktorum Elmar Hüseynovun qətlindən 17 il keçir, cinayətin üstü açılmayıb, bir söz soruşanda cavabında “istintaq sirridir” deyirlər. İstintaq sirridir, yoxsa sadəcə qətlin üstünü açmaq istəmirlər? İstəmirlərsə, niyə? Dürüst adam cinayətin, qətlin açılmasını niyə istəməsin? Belə ağır, ağrılı suallar çoxdur…
Siz demiş, sağlığında adı heykəlləşmiş, etalonlaşmış, dünyanın məşhur klassiklərinin cərgəsinə qoşulmuş Çingiz müəllim bu suallardan uzaq durursa, bunu necə anlayım? Onun kimi məşhur, 200 adda kitab yazan, toplam tirajı 30 milyona yaxınlaşan 600 nəşrin müəllifi, qızıl qələm sahibi, böyük nüfuz sahibindən mənim də, bir xeyli mənim kimi adi vətəndaşın da gözləntiləri var. Dünyada məşhur Azərbaycan yazıçısından gözləməyək, kimdən gözləyək? Çingiz Abdullayev bu gözləntiləri doğruldurmu? Nə istəyirik, çoxmu istəyirik ki ondan? Bircə dəfə mənsub olduğu xalqın həqiqi dərdlərindən, problemlərindən bir-ikisini dilinə gətirsin…
Sizin sözlərinizlə desəm, qymətli ziyalımız və yazıçımız, millətini, yurdunu sevən vicdanlı azərbaycanlı, Vətən övladı olan Çingiz Abdullayev mənim, bizim ürəyimizdəki sözü deyirmi? Deyirsə, mənə göstərin, mən də bilim, üzr də istəyim. Demirsə, bu, yenə də sizin sözlərinizlə “qaçıb gizlənmək” deyilmi? Və əgər dünya şöhrətli, romanları 30 dilə çevrilən, sağlığında klassik sayılan yazıçı hansısa suallardan qaçırsa, bunun səbəbi nədir, nə ola bilər?!
Sayğılarla,
keçmiş həmkarınız Çingiz Sultansoy