AXCP sədri Əli Kərimli
Kimdir Niyaməddin Əhmədov? Onun tamamilə qanunsuz olaraq 13 il müddətinə azadlıqdan məhrum edildiyini bilirsiz. Onu da bilirsiz ki, Niyaməddin bəy cəbhəçidir, mənim ictimai əsaslarla mühafizəçim olub, məlum 19 oktyabr mitinqində məni sona qədər qorumağa çalışıb. Həbsindən sonra da ağır işgəncələrə məruz qalmasına baxmayaraq, mənə qarşı saxta ifadə verməyə razılaşmayıb. Ancaq Niyaməddin bəyi daha dəqiq tanımaq və onun fədakarlığını qiymətləndirmək üçün başqa vacib detalları da bilməlisiniz.
Niyaməddin bəy həmin mitinqdə məni şəxsi münasibətlərimizə görə yox, ümumi amalımıza görə mühafizə edirdi. Niyaməddin bəy mənim qohumum deyil, şəxsi dostum deyil, mən heç vaxt ona pul verməmişəm, hansısa işinə yardımçı olmamışam. Niyaməddin bəy məni ona görə mühafizə etməyə çalışdı ki, xalqın sözünü dediyimə əmindir. O, konkret bir şəxs olan Əli Kərimlidən daha çox əzilən insanların sözünü deyən şəxsi mühafizə etdiyinə inanırdı. Mitinqdə məni sona qədər mühafizə edib, özünü oda atırdı ki, xalqın mitinqi baş tutsun, xalqın haqlı tələbləri səsləndirilsin və reallaşsın. Onu vurğulamaq istəyirəm ki, Niyaməddin bəy öz fədakarlığı ilə yalnız partiyasına və liderinə yox, bütövlükdə xalqımıza sədaqət göstərib. Xalq mənafeyi üçün edib bu fədakarlıqları. Belə əqidəli və vətənpərvər oğullara da bütövlükdə xalq sahib çıxmalıdır. Ləyaqətli övladlarına arxa durub, sahib çıxa bilən xalqlar azadlıq və ədalətə də daha tez qovuşur. Niyaməddin Əhmədova və bütün siyasi məhbuslara azadlıq!