Milli Şuranın sədri, professor Cəmil Həsənli
Yaltaqlıq və yarınmağın ağlagəlməz üsullarına əl atılır. Ayrı-ayrı öyrədilmiş şəxslər İlham Əliyevin ömürlük president vəzifəsinə təsdiq edilməsi təşəbbüsü ilə çıxış edir. Sonuncu belə təkliflə Qubadlıda Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov çıxış edib. O, deyib:
“Cənab Prezident, özümü xoşbəxt hiss edirəm ki, Sizinlə ikinci səfərdir, şəxsən görüşürəm. Mən Allah-Təaladan razıyam ki, Sizi Azərbaycana bəxş edib. Sizin kimi hərtərəfli sərkərdəni, şəxsiyyəti bizim Azərbaycana bəxş edib. Bizim xalqımız dövlət ətrafında yumruq kimi birləşdi və sözünü dedi. Bu hamısı Sizin rəhbərliyinizlə olmuş hadisədir, bunu hamı bilir. Siz polad sinəli, genişürəkli, əvəzsiz bir sərkərdəsiniz.
Sizin keçdiyiniz yol, əldə etdiyiniz Qələbə mənim bu dediklərimə möhür vurur, təsdiq edir. Mənim uzun müddətdir qəlbimdə gəzdirdiyim bir fikrim var, onu çatdıracağam. Mən bütün qədirbilən xalqımızdan xahiş edirəm, mənim fikrimi təsdiq etsin, alqışlasın.
Bizim qanunverici orqanımız olan Milli Məclisdən xahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin”.
Bu yerdə böyük Bülənt Ecevit deyirdi də “bir ölkəyə diktatorluğu diktatorlar deyil, ona boyun əyənlər gətirir”. Şəhid Şükürün xatirəsinə sayğı ifadə etməklə yanaşı atası Nəriman Həmidovun bu təkilifi və çağırışı ölkənin bu günü və gələcəyi üçün rüsvayçılıqdır, XXI əsdə padşahlıq üsul-idarəsinə çağırışdır. Vaxtı ilə İran şahı Qubadlının o biri tərəfində olan Qaradağa ova gələndə heç yerli əyan-əşrəf Nəsrəddin Mirzə Qacara belə mədhnamələr demirdi.
Ən acınacaqlısı odur ki, “bütün xalqın adından” danışan Nərimanın bu təklifinə əl çalanlar arasında Bakı Dövlət Universitetinin müəllimləri, bu təklifdən vəcdə gələn xeyli “ziyalı” da vardı. Həttə ölkənin birinci vitse müzəffəri bu təklifdən riqqətə gələrək bədahətən “biz hazır!” deyə Nəriman Həmidovun çağırışına razılığını ifadə etdi. Ölkədə mətbuat adına fəaliyyət göstərən hakimiyyət mirzələri isə bunu “Maraqlı təklif” kimi xalqa sırıdı.
Vallah əgər indiyə qədər ölkənin şair və şüəraları İlham Əliyevin belinə yumruğunu qoyduğu pişik haqqında poema, dastan yazmayıblarsa buna ancaq təəccüblənmək lazımdır. Görünür bir sıra saytal qələm əhlilərimizi ədəbi material toplamaq, bu hadisədən sonra həmin “xoşbəxt” pişiyin həyatında baş verən dəyişiklikləri müşahidə etmək üçün yaradıcılıq ezamiyyətinə göndərmək lazımdır. Ən azından ona görə ki, bir çox məqamlarda o, pişik özünü bir çox “ziyalılardan” daha abırlı aparırdı.