Tofiq Yaqublu: “Mübarizə getmir. Azərbaycanda korrupsiyanın bir əldə cəmlənməsi prosesi gedir”

Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu müsahibəsində son vaxtlarda açıqlanan Pandora sənədlərinin Azərbaycan cəmiyyətindəki reaksiyalarından və ölkədə korrupsiya ilə mübarizə aparılmamasının səbəblərindən danışıb.

“Pandora dosyesi” araşdırması beynəlxalq miqyasda korrupsiya faktlarına diqqəti çəkdi. Araşdırmada Azərbaycan prezidentinin də adı keçir və onun ailəsinin Londonda dəbdəbəli və bahalı mülklərinin olması iddia olunur. Azərbaycanda bu araşdırmaya – cəmiyyətdə, siyası partiyalar arasında mediada reaksiyanı necə dəyərləndirərdiniz?

Azərbaycanda münasibət birmənalı olmadı. Əlbəttə ki, cəmiyyət etiraz elədi. Biz bunu gördük sosial şəbəkələrdə. Azərbaycanda media yoxdur, demək olar ki, məhv edilib. Çap mediası yoxdur. Ancaq hökümət yandaşı olan media var. Ona görə də bu faktın üzərindən sükutla keçirildi. Ancaq Milli Şura, AXCP və Müsavat partiyası bu sənədlə bağlı ciddi etirazını bildirdilər. Rəsmi olaraq Respublika prokurorluğuna, həm də Böyük Britaniyanın Milli Cinayət Agentliyinə şikayət göndərib. Respublika prokurorluğu həmin məktubu alıb, poçt xidməti təsdiq edib, artıq bizim şikayət daxil olub. Bundan əvvəl də biz rəsmi müraciət eləmişdik. Biz bunu tarix üçün elədik. Amma Böyük Britaniyanın Milli Cinayət Agentliyindən bir reaksiya olacağını düşünürük. Bilirik ki, artıq bununla bağlı Britaniyanın hüquq-mühafizə orqanları hərəkətə keçib.

Ümumiyyətlə Azərbaycanda korrupsiya ilə bağlı mübarizəni necə qiymətləndirərdiniz?

Azərbaycanda korrupsiyaya qarşı heç bir mübarizə yoxdur. Çünki bu hakimiyyət korrupsiyanın başında durur. Şəxsən İlham Əliyev və onun ailəsi. Reallıqda budur ki, İlham Əliyev birbaşa Azərbaycan xalqının pullarını oğurlayıb və ofşor zonalara daşıyır. Bu haqda kifayət qədər faktlar var. Bu adam xalqdan üzr istəməyib. Mübarizə getmir. Azərbaycanda uzaqbaşı korrupsiyanın bir əldə cəmlənməsi prosesi gedir.

Sizcə korrupsiya ilə təsirli mübarizə üçüm hansı addımlar atılmalıdır?

Bu sual başqa ölkədə səslənsəydi mən başqa cür cavab verə bilərdim. Məsələn tutaq ki, hansısa demokratik və yaxud yarım demokratik bir ölkədə hökümət korrupsiyaya qarşı mübarizə aparır. Ancaq effektli aparmır. Amma Azərbaycanda bu mümkün deyil. Əvvəlcə hakimiyyət dəyişməlidir. Qeyd elədim ki, korrupsiyanın başında şəxsən İlham Əliyev və onun ailəsi durur. O öz-özünə qarşı çıxmayacaq. Özünü həbs eləməyəcək.

Beynəlxalq araşdırmaçı jurnalist şəbəkələri vaxtaşırı dünya miqyasında korrupsiya faktlarını aşkarlayır, siyasətçilərin, dövlət xadimlərinin bu işlərdə əllərinin olduğunu göstərirlər. Bəs beynəlxalq miqyasda korrupsiya ilə bağlı birgə səylər göstərilirmi? Bu sahədə hansı kollektiv addımlar atmaq olar?​

Təəssüf ki, beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizə ciddi aparılmır. Bir hüquqi bazası yox, hüquqi prosedur şəklində, beynəlxalq şəbəkə şəklində mübarizə aparılmır. Çünki korrupsiya ilə insan hüquqlarının pozulması paraleldir. Ancaq o ölkədə baş verir ki, orada insan hüquqları pozulur, demokratiya yoxdur, azadlıqlar yoxdur. Görürsünüz sonuncu “Pandora sənədləri” də jurnalistlərin araşdırılması kimi təqdim edilir. Hərçənd mən düşünürəm ki, bunu hansısa orqanlar edib. Bunu açığa çıxarmaq lazımdır. Rəsmi olaraq bu problem araşdırılmalıdır. Həm beynəlxalq qurumlar tərəfindən, həm də aparıcı qərb dövlətləri tərəfindən. Bunun istintaqı getməlidir. Tələblər qoyulmalıdır. Jurnalistlərin öhdəsinə buraxılmamalıdır. Jurnalistlər araşdırmanı edirlər, yayırlar. Bir az abırı olan insanlar nəsə istefa və ya nəsə edirlər. Amma avtoritar rejimlərdə isə bu baş vermir. Onun üçün düşünürəm ki, bununla bağlı yeni hüquqi bazalar yaratmaq lazımdır. Dünya necə terrorizmə, nüvə silahına qarşı mübarizə aparırsa korrupsiya ilə də elə mübarizə aparmaq lazımdır. Korrupsiya təkcə mövcud olduğun ölkənin vətəndaşlarına qarşı yox, həm də digər ölkələr üçün də problem yaradır.

Amerikanın Səsi