Sanki məqsədli şəkildə pullar gərəksiz işlərə sərf edilir

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

220000 min nəfərin yaşadığı Lənkəran ölkənin ən çox əhalisi olan rayonlarından hesab olunur. Ancaq bu rayonda tikilmiş beynəlxalq hava limanına nəinki beynəlxalq uçuşlar, heç yerli reyslər belə həyata keçirilmir. Ona görə də heç bir iqtisadi mənfəət gətirməyən hava limanının saxlanılması dövlət büdcəsinə əlavə yükdür.
Eyni sözləri Zaqataladakı hava limanı haqda da demək olar.
O halda hakimiyyətdən kimsə aydınlıq gətirsin görək, işğaldan azad olunan ərazilərdə inşa olunacaq 3 hava limanının iqtisadi faydası nədir, onlar büdcəyə hansı mənfətləri gətirəcək? 220000 min əhalisi olan Lənkəranda hava limanı istifadəsiz qalıbsa, hələ heç məskunlaşmamış Zəngilanda, Füzulidə bu limanlardan kim istifadə edəcək? Aydındlr ki, heç kim. Bu iki rayon məskunlaşdıqdan sonra belə, hazırkı şərtlərdə onların əhalisi bir Lənkəran səviyyəsində olmayacaq. O halda bu hava limanları niyə tikilir?
Əksinə, istifadəsiz qalacaq bu limanlar büdcəyə əlavə yük olacaq. Bu xalqın pulunu oğurlamaq, offşorara daşımaq azmış kimi, onu səmərəsiz korrupsiya layihələrinə də xərcləyirlər. Heç olmasa pulu lazım olan səmərəli işlərə xərcləyin, oradan oğurlayın, yerdə qalan, görülən işin də xalqa bir faydası dəysin də.
Bu boşuna israf olunan 100 milyonlarla vəsaitə həmin ərazilərdə yeni istehsalat müəssisələri açmaq, iqtisadi dəyər yaradan işlər görmək olar. Bu yolla da insanların məskunlaşmasını və rahat yaşayışını təmin etmək olar. Ancaq bunların heç biri edilmir. Sanki məqsədli şəkildə pulu mənasız, gərəksiz işlərə sərf edirlər. Niyə bu xalqa sitəm edirsiniz axı?