İşğaldan azad olunmuş torpaqları kimlər əkir?

Vahid Məhərrəmli

İşğaldan azad olunmuş kənd təsərrüfatı təyinatlı torpaqların yerli əhali arasında bölgüsünün aparılıb-aparılmaycağı ilə bağlı hökumətdə yekun fikir yoxdur. Qeyd olunan ərazilərdə vaxtilə sovxoz və kolxozların sərəncamında olan minlərlə hektar torpaq hazırda minalardan təmizlənərək əkilir.
Kənd təsərrüfatı Nazirliyinin hesablamalarına görə işğaldan azad olunmuş ərazilərdə əkinə yararlı təxminən 120 min hektar torpaq sahəsi var. Təsdiqlənməmiş məlumatlara görə onun təxminən 78 min hektarı əkilib. Ancaq əkinlərin kimlər (hansı fiziki və hüquqi şəxslər) tərəfindən aparaılması ilə bağlı ictimaiyyətə məlumat açıqlanmır.
Əkinlərin məmurlara məxsus böyük şirkətlər və aqroparklar tərəfindən aparılması isə faktdır. Hər hansı tender keçirilmədən minalardan təmizlənən ərazilər onların sərəncamına verilir.
İşğaldan azad olunmuş ərazilərdə əkin işləri birbaşa Prezidentin sərəncamı əsasında aparılır. 17 oktybar 2021-ci ildə Füzulidə səfərdə olan Prezident İlham Əliyev bildirib ki, indi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra əlbəttə ki, yenidən bölgü aparılacaq.
Qeyd edək ki,rəsmi məlumatlara görə, 1996-cı ildə başlamış torpaq islahatı nəticəsində 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, pay torpağı şəklində əhaliyə paylanıb. İşğal altındakı rayonlar istisna olmaqla ölkədə torpaq payı almaq hüququ olan 873 min 618 ailədən 869 min 268-nə torpaq payı verilib. Bu isə 3 milyon 442 min 778 subyekt deməkdir.