Əliyevin belə yanaşması siyasi narsizmdir

Hüquq müdafiəçisi Anar Məmmədli

18 oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycanda fəaliyyət göstərən səfirlər, xarici ölkələrin rəsmiləri, deputatlar və siyasi xadimlər xalqımızı təbrik elədi, suverenlik və sosila rifahla bağlı uğurlar dilədi. Məsələn, Türkiyə prezidenti Erdoğanın təbriki belə nümunələrdən biridir (tvitter paylaşımını şərh bölməsində oxuya bilərsiz).
Ancaq ölkə başçısı İlham Əliyevin adından xalqımızın təbriki əvəzinə onun bayramdan iki gün öncə həmin tarixlə bağlı söylədiyi fikirlər gündəmə oturdu. Bu fikirləri səsləndirmək ehtiyacı və səbəbləri barədə rəyimi geniş şəkildə bölüşmək istəmirəm. Məsələnin bu tərəfi oxucu üçün yorucu ola bilər. Amma qısaca qeyd edim ki, önəmli tarixi olaylara Əliyevin yanaşmasının bir adı var – siyasi narsizm. Çünki bundan öncə də onun nitqlərində tarixi hadisələr və şəxsiyyətlərə münasibətdə aşağılayıcı yanaşmaların şahidi olmuşuq.

Məlumdur ki, SSRİ-nin dağılmasında Rusiyalı dissidentlər, islahatçı kommunistlər və Kremldəki fərqi maraq qrupları ilə yanaşı Baltik xalqlarının, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Azərbaycandakı xalq etirazlarının ciddi rolu olub. Amma Sovet ordusu ilə qarşıdurmada ən çox itkinin verildiyi, nəticədə kommunist hakimiyyətin mənəvi-siyasi legitimliyinin zədələndiyi olay 20 Yanvar qətliamı olub. Və Əliyevin bu cür açıqlaması 90-cı illin yanvar günlərində Sovet ordusu və xəfiyyəsi ilə qeyri-bərabər mübarizədə həyatını itirən azərbaycanlıların ruhuna hörmətsizlikdir.

Qayıdaq siyasi narsizm məsələsinə. Deyəsən, İkinci Qarabağ müharibəsindəki qələbənin eyforiyası ölkəmizin bəzi vətəndaşları kimi ölkə başçısı və onun komandasını da tarixi olaylara dırnaqarası yanaşmağa rəvac verib. Amma minlərlə hərbçinin canı və qanı bahasına əldə olunan bu qələbədə bu övladları yetişdirən ailələrin daha çox rolu var, nəinki 27 illik iqtidarın. Əgər torpaqlar gülləsiz-qansız azad olunsaydı, onda iqtidar sahibləri qürrələnmək üçün böyük haqq qazanardılar. Qısası, bu qələbənin ortağı çoxdur və bunu bir adamın adına bağlamaq insanların qürüru ilə oynamaqdır.

Yaxşı olar ki, Əliyevin güvəndiyi tarixçilər və ekspertlər onu siyasi tarixlə yanlış mübarizədən çəkindirsinlər. Çünki rəsmi yaddaşı dəyişmək cəhdi ictimai yaddaşı dəyişməklə yekunlaşmır. İnanmırsızsa, təcili kollektiv yaddaşa dair akademik araşdırmalarla tanış olmağa başlayın.