Hökumətin siyasəti inflyasiyanı dərinləşdirir

İqtisadçı Qaşqay İsmayıl

Milli Məclisdə qiymət artımıyla bağlı müzakirələr göstərir ki, deputatların xeyli hissəsi dünyada və ölkədə baş verən iqtisadi dəyişikliklər barədə hər hansı təsəvvürə malik deyillər

Qiymət artımının qarşısını almağa çağıranlar bilmirlər ki, iki mühüm səbəbdən bu mümkün deyil: Əvvəla, olke iqtisadi baxımdan bankrotdur, ikincisi isə qiymət artımı qlobal miqyaslıdır və biz onun ilk zərbələrini hiss edirik.
Qısa şəkildə desək, ABŞ, Yaponiya, Çin və AB Mərkəzi Banklarının nəhəng həcmdə pul emissiyası nəticəsində yaranmış pul kütləsi təbii olaraq, inflyasiya yaradır

Azərbaycan hökumətinin isə həmin inflyasiyanın ölkəyə təsirlərinin qarşısını almaq üçün maliyyə və inzibati resursları tükənir.
İnsanlar sadə həqiqətlə barışmalıdırlar: qiymət artımının qarşısını almaq mümkün deyil. ABŞ-da, Avropada, Türkiyədə yaxud Suriyada da eyni proses müşahidə edilir

Amma qiymət artımlarının vurduğu zərbənin təsirini məhdudlaşdırmaq mümkündür, bunun üçün isə, siyasi sabitlik naminə iqtisadiyyatı dondurmaq, dolları 1.7 AZN həddində saxlamaq, pul kütləsini azaltmaq siyasətindən əl çəkilməlidir

Iqtisadi artım üçün bazara böyük pul kütlələri daxil olmalıdır, nəticədə isə labüd devalvasiya və inflyasiyaya baxmayaraq, iqtisadiyyatda canlanma yarana bilər. Hökumət isə sırf siyasi səbəblərdən, büdcədən qidalanan əksəriyyəti narahat etməmək üçün buna getmir, lakin tezliklə inflyasiya həmin təbəqənin də gəlirlərini yeyəcək, onlar da səfalət həddinə yaxınlaşacaqlar və beləliklə ölkədə yaranacaq sosial-iqtisadi böhran qarşısıalınmaz olacaqdir