Qətiyyətli dörd addım

Qadın haqları, uğurlu təhsil, iqtisadi azadlıqlar, siyasi azadlıqlar

AXCP sədrinin müavini Seymur Həzi

Azərbaycan 2000-ci illərin başında 1993-cü ildən gəldiyi tərəddüdlü yolda seçim etməliydi; Fundamentalizm, mütləqiyyət, yoxsa demokratiya, xalq hakimiyyəti və həqiqi plüralizm? 2003 cü ildə Azərbaycan xalqına rəğmən Azərbaycan birinci yolu seçdi. İlham Əliyevin hakimiyyətə gəlməsi təkcə seçki saxtakarlığı, demokratiyanın boğulması, insan haqqlarının tapdanması siyasi plüralizmə zərbə deyildi. Bu, faktiki Azərbaycanda hakimiyyəti atadan oğula qeyri-demokratik yolla ötürmək, yəni mütləqiyyətin təntənəsi idi. Azərbaycanda mütləqiyyətin təntənəsi özü ilə bir çox yeni fəsadlar gətirməli idi və gətirdi. Təbii ki, bu fəsadlar Azərbaycan adlı makrosiyasi orqanizmin anatomiyasına uyğun olmalıydı. Biz Qərbin quru “sahillərindəki” Şərq ölkəsiyik. Başağrılarımız da şərqsayağı oldu.

Hərbi siyasi qiyama, dövlət çevrilişinə, 93-cü ilin iyununa kimi olan azadlıqların, siyasi iqtisadi üstünlüklərin itirilməsinə baxmayaraq Azərbaycan cəmiyyəti bu və ya başqa səbəbdən 2000-ci illərə bir dönüş nöqtəsi kimi baxırdı. Bu gündən baxarkən nə qədər “pafoslu” görünsə də xalq həqiqi demokratiyaya doğru inamla addımlayır onu yaşadan və onun yaşadtdığı dəyərlərə bağlılığını artırırdı. 2003 cü ilin məlum hadisələrindən sonra böyük miqyasda sarsılma yaşayan toplum ədaləti başqa yerlərdə axtarmağa başladı. Demokratik dövlətin dünyəvi məhkəmələri qurula bilmədiyi üçün siyasi fundamentalizm özünün korrupsiyalaşmış “razborka”ları yolu ilə ədalət mühakiməsinə olan bütün inamı sarsıtdı. Bunun ən böyük nəticələrindən biri kimi, dini fundamentalizmin özünə meydan tapması oldu. Dinin ölkəmizdə qədim tarixi və ənənəsi var. Xalqımızın səmimi inancının xaricində ölkədə sosial ədalətsizlikdən, məhkəmə haqsızlığından, işsizlikdən və toplumun mənəvi əzilməsindən istifadə edən dini siyasət alətinə çevrilmiş fürsətcillərə meydan yarandı. İlham Əliyevin hakimiyyətə gəlişi və ardınca atdığı addımlar dünyəviliyə, sosial ədalətə, ədalət məhkəməsinə olan bütün ümidləri öldürdü. Dini fundamentalizmin Azərbaycanda özünə belə rahat meydan tapmasının səbəblərindən ən başlıcası bu idi. İnsanın əlini yerdən üzsən, sözsüz ki, onu göyə qaldıracaq.

Dünyəviliyin əsas təhdidləri…

Qadın haqqları mövzusu nə bu günün mövzusudur, nə dünənin. Sovet hökuməti qapalı sistem olduğu üçün biz “Qadın haqqları” cərəyanının tarixi sosioloji mahiyyətindən elə də məlumatlı olmamışıq. Bu mövzu hətta Mustafa Kamal Türkiyəsində də ciddi məsələlərdən idi. Fikirlərin böyük inqilabçısı qadın məsələsinə dünyəviliyin əsas elemnti kimi baxırdı. Onun bu yanaşmasını inkişaf etdirməklə deyə bilərəm ki, “Qadın haqqları” -hüquq bərabərliyi məsələsi modernizmin bayrağı, dünyəviliyin olmazsa olmazıdır. Dini siyasi sistem olsun, olmasın qadın haqlarının qorunmadığı və ya belə bir problemin olduğu toplum, ictimai quruluş dünyəvi deyil, ola da bilməz. Niyə? Çünki, dünyəviliyin təməl prinsipi insanın ağıl və ərdəmlərinə (keyfiyyətlərinə) əsaslanmaqdır. Əgər cinslər və növlər problemi hələ də yaşayırsa, deməli, toplum ibtidai mahiyyətindən uzaqlaşa bilməyib. Bu baxmdan ölkəmizin indiki durumunda ən ciddi problemlərdən biri məsələnin ictimai şüurda spekulyasiya edilməsidir. Bu mövzu heç bir halda hansısa maraq qruplarının məsələsi ola bilməz, və onların ictimai statusuna uyğun dəyərləndirilə bilməz. Bu dövlətin məsələsidir. Çünki, heç bir mənsubiyyət ayrı-seçkiliyinə yol verməmək, yol verilərsə, qarşısını almaq öhdəliyi məhz dövlətə aiddir.

İkinci mühüm təhdid təhsilin olmamasıdır. Yəni bioloji və sosioloji mənada irsiyyətin ötürülməsinin pozğunluğu problemi. Hər cür cəhalətin təməlində təhsilsizlik durur. Siz yağış selinin qarşısında aciz qalan, ya da ildırımdan bir ağacın yandığını görən ilk insanı düşünün. Onun dünya haqqında heç bir bilgisi yoxdursa, deməli ən azı iki tanrısı var- sel və alov tanrısı. Ancaq bu durumla üzləşən, fizikanı və təbiəti bilən birini düşünün, bəs onun nəyi var? Təbii ki, nəzəri biliklərini möhkəmləndirən iki mühüm təcrübəsi. Yəni, bizim bu gün sözün birbaşa mənasında bilgisiz insan seli ilə üzləşməyimizin kökündə təhsilsizlik dayanır. Misaldan gördüyümüz kimi, yeniləşən dünyada normal təhsili olmayan insan bu cür texnogen cəngəllikdə milyard il bundan əvvəl olduğundan daha təhlükəli canlıdır. O, istənilən zərərli ideyanın arxasınca gedəcək potensial qurban olmaqla həm də dünyəviliyə ən ciddi təhdidlərdən biridir.

Üçüncü mühüm təhdid siaysi azadlıqların olmamasıdır. Siyasət bir peşə və elm kimi hərbi taktika-strategiya qurmaq sənətindən, elmindən ayrılmağa başladıqca, insan zehni mübarizənin önəmini görməyə başladı. Vətəndaş cəmiyyəti anlayışı məhz silahsız birgəyaşayışın fundamental qaydalarını yazmaqla ortaya çıxmışdır. Orta əsrlərin əli qılınclı sərkərdələri dövlətin başındaikən indi onlar sözün bitdiyi yerdən işləri davam etdirmək funksiyası daşıyırlar. Yəni öncə söz, öncə fikir, öncə siyasət. Bu dünyəviliyə doğru insanlğın ən inamlı addımlarından biridir. Amma 21-ci əsrdə özündən və özündən razı saldıqlarından başqa heç bir siyasi qüvvəyə yaşamaq haqqı tanımayan siyasi sistem dünyəviliyə ciddi təhddidir. Real siyasi partiyalar sıradan çıxarıldıqca insanlar özlərini daha qeyri-adekvat yollarla ifadə etməyə üstünlük verirlər. Radikal dini quruplarda birləşirlər, yaxud da mübarizənin qeyri ənənəvi yollarını seçirlər. Bu isə bütövlükdə makroorqanizm üçün təhdid yaradır. Məsələn, AXCP üzvü Niyaməddin Əhmədovun “terrorçuluğu maliyyələşdirmək”də ittiham edilməsi mənşəyi etibarilə fundamentalist sistemlərə məxsus yoldur və burada məqsəd sivil siyasəti məhv edib sıradan çıxarmaq üçün “hüquqi” zəmin hazırlamaqdır. Belə bir niyyətin baş tutacağı halda, yaranacaq böhranlı vəziyyəti kim təsəvvür edə bilər? Yaxud da kim belə vəziyyətdən çıxış yolu barədə fikir yürüdə bilər. Bu variant əslində sistemin özünü siyasi axirətə inandırıb, intihar etməsinə oxşayır. Belə bir animasiya düşünün, bir balıq başqa balıqların yaşamasına mane olmaq üçün özünü bəndə çırpıb, onu aşırır və suyu qurudur. Sizcə də bu intihar deyilmi?

Dördüncü mühüm təhdid ədalət məhkəməsinin və mülkiyyət hüquqlarının faktiki olmamasıdır. Bu da iqtisadi azadlıqların yoxluğu deməkdir. Məhkəmə olmayan yerdə iqtisadiyyat tez-tez əl dəyişdirən və güclülərin zəifləri əzməsi, müflisləşdirməsi maşınından başqa bir şey deyil. Bu isə dövlətin rifah yaradıcı mahiyyətinə təhdiddir.

Bu baxımdan hazırda ölkənin qarşısında duran dörd mühüm problem var. Onlaradan birincisi insan həyatına son qoyan qadın qətilləri mövzunda mühüm addımlar atmaq və qadın haqqları məsələsini unversal dəyərə çevirmək üçün işləmək, İstanbul konvensiyasına qoşulmaq. Diskriminasiyanı hüquq bərabərliyinə çevirmək. İkincisi təhsildə inqilabi islahatlar və yeni bilik sisteminin qurulması. Üçüncüsü siyasi azadlıqların , plüralist, çoxpartiyalı sistemin həqiqi bərpası və yaşaması üçün təxirəsalınmaz tədbirlər. Və nəhayət azad iqtisadiyyat və ədalət məhkəməsinin təşkili.