Siyasi məhbuslara görə İlham Əliyev məsuliyyət daşıyır

AXCP sədri Əli Kərimli


Niyaməddin Əhmədovun həyatına yeni təhlükə yaranıb. Niyaməddin bəy sentyabrın 22-dən aclığa başlayıb. 23 sentyabrdan isə onu “COVİD19-a yoluxub” adı ilə Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüblər. Bu gün qeyri-rəsmi mənbələrdən məlum olub ki, Niyaməddin bəy əsində COVİD19-a yoluxmayıb. Onun xəstəxanaya əslində nəyə görə köçürüldüyü, səhhətinin pisləşməsinin nə ilə bağlı olduğu müəmmalıdır və bizi ciddi narahat edir.

Niyaməddin bəyin vəkili Zibeydə Zəkəriyyəyeva onunla görüşmək üçün bu gün səhərdən müalicə müəssisəsinə gedib. Ancaq Zibeydə xanıma Niyaməddin Əhmədovla görüşməyə imkan verilmir.
AXCP fəalı, mənim ictimai əsaslarla mühafizəçim Niyaməddin Əhmədov istintaq və həbs zamanı dəfələrlə ağır, insan həyatı üçün təhlükəli işgəncələrə məruz qalıb. Səhhəti korlanıb. Prokuror onun 15 il müddətinə həbs olunmasını istədikdən sonra Niyaməddin bəy bu absurd cəzaya etiraz edərək aclıq aksiyasına başlayıb. Niyaməddin bəy günahsızdır. Rejimin ona qarşı bu qədər aqressiv olması ondan tələb olunan, mənə qarşı böhtan xarakterli ifadəni verməməsilə bağlıdır. Məhz bu səbəbdən rejim Niyaməddin bəyə hətta erməni terrorçulardan da daha pis yanaşır. Erməni terrorçular bir qayda olaraq çox tez azad olunur. Azərbaycanda əsirlikdə olduqları dövrdə isə ailələrilə nəinki telefonla, hətta görüntülü danışa bilirlər. Niyaməddin bəyə isə 17 aydır ki, ailəsilə hətta telefonla danışmağa da imkan verilmir. Niyaməddin bəyin ətraf aləmlə yeganə əlaqə imkanı vəkili ilə olan görüşləri idi. İndi Niyaməddin bəy vəkil ilə görüşmək imkanından da məhrum edilib. Əvvəllər dəfələrlə ağır işgəncələrə məruz qaldığını, ailəsi və ətraf aləmlə bütün əlaqələrdən məhrum edildiyini və müəmmalı səbəbdən səhhətinin pisləşdiyini nəzərə alaraq Niyaməddin bəyin həyatından narahat olduğumuzu bildirirəm.

Bir daha vurğulayıram ki, Niyaməddin Əhmədovun, eləcə də bu günlərdə dəfələrlə ağır işgəncəyə məruz qalmış və 19 gündür aclıq edən AXCP fəalı, namus məhbusi Əlizamin Salayevin həyatına görə də məsuliyyəti şəxsən İlham Əliyev daşıyır. Niyaməddin bəyin vəkili və ailəsilə əlaqə saxlamasına ən qısa müddətdə şərait yaradılmalıdır. Əlizamin bəyə qarşı qanunsuz təzyiqlər dayandırılmalıdır. Niyaməddin bəyə, Əlizamin bəyə və bütün siyasi məhbuslara azadlıq tələb edirik. Xalqımızı bu gənc, əqidəli və günahsız insanların məhv edilməsinə biganə qalmamağa çağırırıq.