AXCP sədri Əli Kərimli
Azacıq analitik qabiliyyəti olan adamlar da gördü ki, rejimin Niyaməddin Əhmədova qarşı göstərdiyi qəddarlıq əks effekt verdi. Rejim cəmiyyətdə qorxu yaratmaq istəyirdi, ancaq əksinə, özünə qarşı qəzəbi artırdı. İnsanların vicdanları üsyan etdi. Eyni vaxtda minlərlə, onminlərlə insanın ürəyindən “bu qədər də olmaz”, “belə vicdansızlığı Allah da götürməz” nidaları keçdi. Şərin, haqsızlığın, qəddarlığın miqyası insanları şoka saldı. Hər bir daxilən azad insan düşündü ki, sadəcə özünə lider seçdiyi şəxsə qarşı yalan ifadə vermədiyi üçün bu cavan oğlanı terrorçu çıxaran bir hakimiyyət ona lazım olanda hər birimizdən “terrorçu” düzəltməzmi? Verilən cavab da təsdiq cavabı oldu. İnsanlar dərk etdilər ki, ölkədə qanunsuzluq, hüquqsuzluq, azğınlıq artıq o həddə çatıb ki, rejim istədiyi adamı nəinki haqsız yerə cərimə etdirə, işdən çıxarda, həbs edə bilir, hətta istəyəndə günahsız adamı “terrorçu” da elan edir.
Məhz bu hədsizlik, bütün qırmızı xəttlərin keçilməsi, Allahsızlıq vicdanları göynətdi. Ona görə də sosial şəbəkələrdə neçə gündür ki, bir Niyaməddin Əhmədov küləyi əsir. Minlərlə insan, o cümlədən onlarla ictimai-siyasi xadim yazaraq, danışaraq bu haqsızlığa etiraz edir. 10 minlərlə sosial şəbəkə fəalı müzakirələrə qatılır, yazılanları dəstəkləyir, paylaşır. 10 milyonluq ölkədə bircə nəfər də olsun vicdanlı şəxs “yaxşı ki, bu terrorçunu cəzalandırdınız” demir. Bu ölkədə kimsə Niyaməddin Əhmədovun “terroru maliyyələşdirdiyi” üçün həbs edildiyinə inanmır. Hamı fərqindədir ki, dövlət adından vətəndaş şərlənir, vətəndaşa böhtan atılır. Dövlət hakimiyyəti bir qrupun maraqlarının xidmətçisinə çevrilib. İnsanlar dərk edir ki, ölkədə hər bir günahsız insanın həyatı, övladlarımızın gələcə risk altındadır. Hər birimizə hər şey ola bilər. Həm də təkcə siyasi mübarizə aparanlar, yazanlar, danışanlar yox, istənilən vətəndaş bu zorbalığın qurbanı ola bilər. Bu ölkədə siyasi fəallardan qat-qat çox sayda “siyasətə qarışmayan” sadə vətəndaş şərlənib cərimə edilir, həbs olunur, işgəncəyə məruz qalır, hətta işgəncə ilə öldürülür.
Bəli, bunlar hamısı həqiqətdir. Hamı bu barədə danışa bilməsə də, hamı bunları bilir.
Bir ölkənin vətəndaşlarının mütləq əksəriyyəti düşünürsə ki, bu ölkənin hakimiyyəti qanunu saymır, ədaləti ayaqlayır, xirtdəyə qədər korrupsiyanın içindədir, üstəlik günahsız vətəndaşlarını şərləyib, həbs edir, nəinki sadə vətəndaşı, Tərtər qətliamında igid döyüşçüləri belə işgəncə ilə öldürtdürüb, qanlarını batırır, vətəndaş belə bir hakimiyyəti sevərmi, dəstəkləyərmi? Əlbəttə, dəstəkləməz və dəstəkləmir!
AXCP fəalı, ictimai əsaslarla mühafizəçim Niyaməddin Əhmədova qarşı edilən haqsızlıq, nümayiş etdirilən qəddarlıq bumeranq effektilə Əliyev hakimiyyətini vurub, daha da gözdən salır. Cəmiyyətdə qorxunu yox, qəzəbi, etirazı artırır. Niyaməddin bəy həm də həsxanada COVİD19-a yoluxub, üstəlik xəstə-xəstə aclığa başlayıb. Aydındır ki, indi onun həyatı risk altındadır. İlham Əliyev bilməlidir ki, Niyaməddin bəyin həyatına görə məsuliyyəti şəxsən o daşıyır.
Zərərin harasından dönsən, kardır deyib atalar. Niyaməddin Əhmədova tikdiyiniz “torba” öz nəfəsinizi də kəsir, rejimi xalqdan tam olaraq qoparır, cəmiyyətdəki etirazı kükrədir. Dayandırın bu səhvi, Niyaməddin bəyi azad edin, özünüzə də yaxşılıq etmiş olarsınız!

Niyaməddin Əhmədov “bombası” rejimin əlində partladı
•
•