BELƏ RƏQABƏT OLAR?

Məhəmməd Talıblı


(II Hissə)

Bir gündə, hətta eyni saatlar da bütün yanacaqdoldurma məntəqələrində yüksək oktanlı, konkret olaraq Aİ-95, Aİ-98 markalı benzinlərin qiymətləri artırsa, bunun özü 900-dən çox yanacaq doldurma məntəqələrin eyni mərkəzdən idarə olunması haqqında açıq təəsurat yaratmırmı? Deməli, bazarda bu qədər iştirakçıların mövcud olduğu şəraitdə kənardan rəqabət kimi görünən situativ hal əslində formal rəqabətdir. Sadəcə bazar iştirakçılarının sayı çox görünür, əslində isə heç bir rəqabət elementlərindən belə danışmaq mümkün deyil.

SOCAR özünün qiymət artmasını əsaslandıran zaman bunun əsas səbəbi kimi dünya bazarında neft-yanacaq məhsullarının qiymətləri ilə bağlayır. SOCAR xarici ölkələrdə neft müəssisələri tikir. Məsələn, Rumuniyada, Gürcüstanda və digər ölkələrdə belə müəssisələr yaratmışdır. Həmin ölkələrdə tikilən müəssisələrdə yanacaq qiyməti Alıcılıq Qabiliyyəti Paritetinə nəzərə alanda bizdən dəfələrlə ucuzdur. Həmin ölkə əhalisinin gəlir səviyyəsindəki payı simvolik səviyyədədir. Orta aylıq əməkhaqqıya neçə litr Aİ-95 oktanlı benzin alındığını müqayisə etdikdə, məlum olur ki, əksər dövlətlər bizdən yaxşı vəziyyətdədir. Bizdən daha pis vəziyyətdə olanlar Vyetnam, Hindistan və Ukraynadır. Deməli Azərbaycanda orta aylıq əməkhaqqıya cəmi 455 litr Aİ-95 markalı benzin almaq mümkündür. Bu dünyada çoxsaylı ölkələr içərisində ən az benzin almaq imkanını göstərir.

Sosial baxımdan aşağı təbəqələr düşünməsin ki, biz Aİ-92 markalı yanacaqdan istifadə edirəm deyə, Aİ-95, Aİ-98 markalı yanacağın qiymətinin artmasının mənə aidiyyatı yoxdur. Səhv yanaşmadır.
Son 5 ilə qədər olan yeni avtomobillər yüksək oktanlı yanacaqdan istifadə edirlər. Azərbaycanda belə avtomobillərin sayı 100 minlərlədir. Avtomobil fondu yeniləndikcə, əksər avtomobillərin yüksək oktanlı benzin markalarına ehtiyac yaranacaq və bu tələb daha da yüksələcək. Premium markalı benzin markalarının qiymətlərinin mərhələli olaraq artması zəmin yaradacaq ki, Aİ-92 markalı benzinlərində qiymətləri artsın.

Əgər Aİ-95 və Aİ-98 yüksək oktanlı benzin Azərbaycanda istehsal olunmadığı halda qiymətinin artması guya xarici amillərdən qaynaqlanır. Bəs Aİ-92 markalı benzini isə ölkə daxilində istehsal olunduğu halda, onun qiyməti niyə ucuzlaşdırılmır? Azərbaycan hökuməti dövlət büdcəsində neftin proqnozlaşdırdığı qiymətdən yüksək satmasına baxmayaraq benzinin qiymətinin ucuzlaşması baş verməyib. Bu onu deməyə əsas verir ki, benzinin qiymətinin heç zaman ucuzlaşdırılmaması, əksinə mərhələli sürətdə qiymətinin artması maya dəyəri ilə bağlı deyil. Bu daha çox konyuktur və spekulyativ faktorlarla bağlıdır.