İqtisadiyyatda təhlükəli vəziyyət yaranıb

İqtisadçı Qaşqay İsmayıl

Bir müddət əvvəl qeyd etdiyimiz kimi, çörəyin qiymətinin bahalaşması qlobal səviyyədə ərzaq inflyasiyasının davamı olaraq özünü göstərir.

Rusiyada buğdanın ixrac qiymətləri 300 dolları keçərək 301-304 dollara çatıb. Rusiya hökuməti buğdanın ixracına qoyduğu 52 dollarlıq rüsumla bu qiymətlərin xeyli yüksəlməsini təmin edir.
Metallarda və digər xammallarda qiymətlər dünya miqyasında nisbətən azalsa da, ərzaq qiymətləri artmaqda davam edir. Belə görünür ki bu tendensya hələ davam edəcək. Azərbaycan hökuməti çörəyin bahalaşmasının qarşısını almaq üçün tətbiq etdiyi inzibati tədbirlər indiyə qədər keyfiyyətin və çəkinin aşağı düşməsinə gətirib çıxarırdısa, artıq qiymət artımının qarşısını almaq mümkün olmur

Zənnimizcə, əsas problem çörəyin qiymətində deyil. Azad bazar iqtisadiyyatında qiymətlər dəyişə bilər. Problemin mahiyyəti, iqtisadiyyatı dondurub dünyadan təcrid etməkdə, iqtisadi inkişafı dayandırmaqda və beləliklə də əhalinin pul gəlirlərini son dərəcə aşağı həddə saxlamaqdadır. Yəni çörəyin qiyməti bahalaşa bilər, bu təbiidir, amma əhalinin pul gəlirlərinin ilbəil azalması ölkəni Afrikanın geridəqalmış regionlarına tərəf sürükləyir

Çörəyin və benzinin qiyməti həm də hökumətin artıq bankrot olduğunun göstəricisidir. Vəziyyəti nəzarətdə saxlamaq üçün mümkün olan bütün vasitələrdən istifadə edilib. İndi hər hansı fors-major hal xaotik nəticələrə gətirib çıxara bilər.