AXCP sədri Əli Kərimli
Azərbaycan ictimai fikri Rusiya Dövlət Satınalmaları saytında Qarabağ ərazisinin Dağlıq Qarabağ Respublikası adlandırılmasına etiraz edərkən bu dəfə də daha ciddi dövlət orqanı – Rusiya Müdafiə Nazirliyinin rəsmi sənədində Dağlıq Qarabağ Respublikası yazdılar (sənəd şərh bölümündə).
Təqdim olunan sənəd Qarabağdakı “sülhməramlıların” təchizatı üçün tenderin ləğvi haqda sərəncamdır. Azərbaycan rəsmiləri həmin tenderin ləğvini diplomatik uğur kimi təqdim etmək istəyirdi. Ancaq indi təsdiq olunur ki, satınalmanın ləğvi Rusiyanın hansısa daxili problemi ilə bağlıdır. Çünki həmin satınalmanın nəticələrinin ləğvi haqda sərəncamda belə Dağlıq Qarabağ Respublikası sözünü 2 dəfə yazıblar. Yəni Rusiya Müdafiə Nazirliyi Qarabağdakı “sülhməramlılar” üçün tenderin nəticəsini ləğv edib, lakin həmin “sülhməramlıların” yerləşdiyi ərazini Dağlıq Qarabağ Respublikası adlandırmaq kimi saxtakarlıqdan imtina etməyib.
Rusiya başqa bir neqativ president də yaratdı bu günlərdə. Rusiyanın Minsk qrupundakı həmsədri İrəvanda Qarabağ separatçılarının başçısı Araik Arutunyanla görüşdü. Bununla da digər həmsədrlər üçün də Araiklə görüş mərhələsi açıq elan edildi.
Təəssüf ki, hər şey bizim öncədən xəbərdarlıq etdiyimiz istiqamətdə gedir. 10 noyabrda Rusiya ordusu Azərbaycana qaytarılanda demişdik ki, bununla kifayətlənməyəcəklər. Hər şeyi edəcəklər ki, suverenliyimizi əlimizdən alsınlar. Ermənistanla aramızdakı münaqişə isə bitməsin, uzansın.
Elə də edirlər. Vaxtaşırı atəşkəs pozulur. Əsgərlərimizə hücum edilir. Üstəlik də hər həftə Rusiyanın hansısa rəsmisi Azərbaycanı hədələyir. İndi də keçiblər növbəti mərhələyə. Bu mərhələdəki hədəfləri uydurma Dağlıq Qarabağ Respublikası adını diriltmək və separatçıların başçısını beynəlxalq müzakirələrə cəlb etməkdir. Azərbaycanın dövlət rəhbərliyi isə ağzına su alıb susub. Qorxaq siyasət, qorxaq diplomatiya igid hərbçilərimizin canı, qanı bahasına əldə etdiyi hərbi zəfərimizin nəticələrini yerə vurur. Ölkə ictimai fikri bu onurğasız siyasətə etiraz etməlidir.