Böyük qayıdış mümkün deyil

Qaşqay İsmayıl

Qarabağ müharibəsindən sonra, azad edilmiş ərazilərin bərpa ediləcəyini və əhalinin ora kütləvi qayıdacağını gözləyən hələ də çoxdur. Ümumiyyətlə isə, insanların Bakıdan regionlara qayıtması hamının istəyidir və bu istək, xüsusən də özləri regiondan paytaxta köçənlər tərəfindən daha şiddətli şəkildə səsləndirilir

Məsələ burasındadır ki, Bakıdan nə Qarabağa, nə də digər regionlara kütləvi köç olmayacaq. Mədəni-sosioloji amilləri kənara qoysaq, bu köçü təmin etmək üçün iki vacib şərt təmin edilməlidir: infrastruktur və normal maaş verməyə qadir olan regional iqtisadiyyat. Bunlar hər ikisi yaxın onillikdə Azərbaycan üçün əlçatmaz görünür

Insafən, qeyd etməliyik ki, sənayedə iş yerləri yaratmaq nəhəng iqtisadiyyatlara xasdır. Çünki investisiyaların miqdarı ağlagəlməz dərəcədə böyükdür. Yüksək texnologiyalar sahəsində bir iş yerinin yaradılmasına 1.5 milyon dollar tələb olunur. Köhnə dövrə xas yüksək kvalifikasiyalı sahələrdə (məsələn, gəmiqayırma yaxud neft-qaz emal edən zavodlar) bu rəqəm 0.5-1 milyon dollar arasında dəyişir. Adi zavodlar üçün 0.2-0.5 milyon dollar tələb edilir. Məsələn, Rusiyada Zvezda gəmiqayırma zavodunda 3 min nəfərə qədər işçi çalışacaq və bir iş yerinin açılmasına 1 milyon dollar vəsait sərf edilib

Azərbaycanın bu böyüklükdə müəssisənin açılması xəyal olaraq qalır. Ona görə də, Böyük Qayıdış proqramları yaxın onillik üçün real olmadığından, yalnız Bakıda xidmət sektorunun dayanmadan işləməsi, sosial gərginliyi pik həddə çatmaqdan sığortalaya bilər.